Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Türkiyənin Ticarət Nazirliyi restoran, kafe və digər iaşə müəssisələrinin müştərilərdən məcburi şəkildə servis, masa haqqı və ya başqa ad altında ödəniş tələb etməsinin qarşısını almaq üçün yeni qaydalar hazırlayır.
Müştərilər yalnız yedikləri və içdikləri məhsulların pulunu ödəyəcək. İaşə obyektləri menyularda servis və masa haqqı ilə bağlı heç bir qeyd yerləşdirə bilməyəcək. Yeganə əlavə ödəniş yalnız müştərinin öz istəyinə bağlı olan bəxşiş ola bilər.
Bəs, görəsən, servis haqqı Azərbaycanda da ləğv edilə bilərmi?
Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, Türkiyədə restoran və kafelərdə servis haqqının ləğvi ilə bağlı qəbul edilən qərar regionda şəffaflıq və istehlakçı hüquqlarının qorunması istiqamətində yeni standart formalaşdırır.
S.Dübəndi qeyd edib ki, Azərbaycanda da bu məsələnin yenidən müzakirəyə çıxarılması vaxtıdır.
Onun sözlərinə görə, hazırkı təcrübədə bəzən hesabın üzərinə əvvəlcədən bildirilməyən 5-15% servis haqqının əlavə olunması həm yerli müştərilərdə, həm də turistlərdə narazılıq yaradır. Bu, ölkənin qonaqpərvərlik imicinə də mənfi təsir edir:
"Bizim mövqeyimiz odur ki, xidmət haqqı yalnız tam şəffaf, əvvəlcədən göstərilən və istehlakçı tərəfindən aydın şəkildə qəbul olunan formada olmalıdır".
Assosiasiya hesab edir ki, dövlət qurumları, turizm sektoru və sahibkarlar arasında dialoq başlasa, servis haqqı ilə bağlı üç əsas istiqamət üzrə optimal model formalaşdırmaq mümkündür:
"İlk olaraq Türkiyə modeli əsasında xidmət haqqı ayrıca tutulmadan, ümumi qiymətə daxil edilməlidir. İkincisi odur ki, əgər servis haqqı saxlanılırsa, onun məbləği menyuda, qəbzdə və obyektin girişində açıq şəkildə göstərilməlidir. Üçüncü istiqamət olaraq isə əməkhaqqı və motivasiya sistemləri yenilənməli, xidmət sahəsində çalışanların maddi təminatı gücləndirilməlidir".
S.Dübəndi nəzərə çatdırıb ki, Azərbaycanda servis haqqı məsələsi birbaşa xüsusi qanunla tənzimlənmir, lakin "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun, "Ticarət, ictimai iaşə və məişət xidmətləri qaydaları", həmçinin Vergi Məcəlləsi bu sahəyə tətbiq olunan əsas hüquqi çərçivəni müəyyən edir. Bu sənədlər tələb edir ki, ictimai iaşə müəssisələri göstərdikləri xidmətin qiymətini əvvəlcədən, tam və aydın şəkildə müştəriyə təqdim etsin. Hər bir ödəniş qəbzdə ayrıca göstərilsin və gizli ödənişə yol verilməsin.
Assosiasiya sədri söyləyib ki, bu normalar servis haqqının ya açıq şəkildə göstərilməsi, ya da ümumiyyətlə ləğv edilməsi üçün hüquqi baza yaradır. Turizm zonalarında isə Dövlət Turizm Agentliyinin normativ aktları vasitəsilə əlavə tələblər menyuda aydın məlumatlandırma və qiymət şəffaflığı tətbiq oluna bilər:
"Nəticə olaraq, servis haqqının ləğvi və ya tam şəffaf şəkildə tənzimlənməsi Azərbaycanın turizm imicini gücləndirən, istehlakçı məmnuniyyətini artıran və xidmət sektorunu daha peşəkar edən vacib addım kimi qiymətləndirilə bilər".
Mina Mikayılova
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.