EN

Renat Dadaşov “Legiya” ilə matçın iştirakçısı olmadı – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasının “Legiya”ya qarşı keçirdiyi oyunu buraxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 17-ci turu çərçivəsində Varşava “Legiya”sı ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə doğma meydanda üz-üzə gəlib. İki qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsində də yer almayıb.

17 turdan sonra 20 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 16 oyunda 4 qələbə qazanıb, 8 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Xatırladaq ki, Dadaşov “Motor”la bu yay 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 11 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 41 oyunda 6 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Chosen
72
6
arena.az

10Sources