Brüssel Avropa İttifaqına giriş izni verilməyən miqrantları geri qəbul etməyən üçüncü ölkələr üçün ticarət güzəştlərinin məhdudlaşdırılması barədə təklifi təsdiqləyib.
Xezerxeber.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, benefisiar ölkələr öz vətəndaşlarının readmissiyası ilə bağlı Brüssellə əməkdaşlıq etməsələr, Avropa İttifaqının ümumi güzəştlər sxemi (GSP) çərçivəsində həmin ölkələrə verilən imtiyazlar ləğv ediləcək. Sənəddə, həmçinin qeyd olunur ki, üçüncü ölkə vətəndaşlarının qəbulu ilə bağlı vəziyyətin sərtliyi həmin ölkənin inkişaf səviyyəsindən asılı olacaq.
Buna baxmayaraq, Avropanın bəzi ölkələri, o cümlədən Fransa və İtaliya Asiyadan ucuz düyü tədarükünün dayandırılacağından ehtiyatlanaraq bu qərara qarşı çıxıblar. Bundan əlavə, bir neçə ölkə belə yanaşmanın əsas tərəfdaş ölkələrlə münasibətlərə xələl gətirə biləcəyindən narahatlığını ifadə ediblər.
Qeyd edək ki, GSP inkişaf etməkdə olan ölkələrin Avropa İttifaqına ixracını dəstəkləmək üçün Brüsselin əsas ticarət siyasəti alətidir. GSP+ statusuna malik ölkələr Avropa bazarına çıxarılan 6 min növdən çox məhsul üçün tariflərdən azad olur.