EN

Şahin Məlikov: Şəki qarşıdakı illərdə Azərbaycanın əsas turizm destinasiyalarından biri kimi inkişaf edəcək

Şəki, 2 dekabr, Gülay Nəzərova, AZƏRTAC

Şəki həm ölkə, həm də dünya mədəni elementlərinin və tarixi abidələrinin ən çox cəmləşdiyi bölgələrdən biridir. Rayon eyni zamanda agroturizm və ekoturizm istiqamətində də ciddi potensiala malikdir.

Bunu AZƏRTAC-a açıqlamasında Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov deyib.

O bildirib ki, Şəki Regional Turizm İdarəsinin fəaliyyət göstərdiyi Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında bu formatda çoxsaylı agroturizm məkanları fəaliyyət göstərir və bu istiqamət regionun gələcək cəlbediciliyində əsas xəttlərdən biri olacaq.

Şahin Məlikovun sözlərinə görə, regional idarə turistlərin məlumatlandırılması üçün müxtəlif işlər həyata keçirir — turistik xəritələrin hazırlanması, yerləşmə müəssisələrində xidmət keyfiyyətinin artırılması üçün təlimlərin təşkili, infoturlar, eləcə də dövlət və özəl sektor arasında şəbəkləşmə görüşləri bu fəaliyyətlər sırasındadır.

İdarə rəisi qeyd edib ki, Şimal-Qərb regionu, xüsusən də Şəki, qarşıdakı illərdə Azərbaycanın əsas turizm destinasiyalarından biri kimi inkişaf edəcək.

Chosen
40
azertag.az

1Sources