EN

Flaminqolar Mahmudçalaya bu il vaxtından əvvəl gəlib...

Yazını böyüt
Yazını kiçilt

Qlobal iqlim dəyişiklikləri, havaların mövsümə uyğun keçməməsi çöl quşlarının miqrasiyasına ciddi təsir göstərib. Biləsuvar rayonundakı Mahmudçala ovçuluq təsərrüfatında bunu müşahidə etmək mümkündür.

Hafta.az xəbər verir ki, ötən il təsərrüfat ərazisində görünməyən flaminqolar bu il böyük sürülər şəklində Mahmudçalaya köç ediblər. Əvvəlki illərdə daha çox rast gəlinən digər köçəri quşların sayında isə azalma var.

Adətən bu ərazilərdə çoxluq təşkil edən ördək, qaşqaldaq və digər çöl quşlarının sayı bu il kəskin azalıb. Mütəxəssislər bildirirlər ki, qış fəslinə az müddət qalmasına baxmayaraq havaların hələ də mülayim keçməsi bəzi quş növlərinin miqrasiyasını gecikdirir. Mövcud hava şəraiti isə flaminqolar üçün burada ideal qışlama mühiti yaradıb.

Ekoloq Nazim Məmmədov deyir ki, flaminqoların bu il adi vaxtdan daha tez köç etməsini yalnız havaların mülayim keçməsi ilə əlaqələndirmək düzgün olmazdı:

“Bu quşlar fərd olaraq yox, populyasiya halında yaşayırlar və qərarları da birlikdə verirlər. Adətən bir dəstə hərəkətə keçəndə digər dəstələr də onlara qoşulur. Son illər iqlim dəyişiklikləri, su hövzələrinin vəziyyəti və qida ehtiyatları kimi amillər də onların köç vaxtına və istiqamətinə ciddi təsir göstərir”.

Flaminqoların ilk dəfə bu qədər böyük dəstələr halında Mahmudçalaya köç etməsi hər kəsin marağına səbəb olub. Rayon sakini Surxay Şahbazov bildirir ki, təsərrüfatın magistral yolun yaxınlığında yerləşməsi səbəbindən yoldan keçənlər də bu nadir mənzərəni çox yaxından izləyə bilirlər. Digər sakin Loğman Teymurovun fikrincə isə, sanki quşlar öz qədim köç marşrutlarını yenidən bərpa ediblər. Onun sözlərinə görə, ərazidə qida ehtiyatının bol olması və su-bataqlıq landşaftının əlverişliliyi bu nadir köçəri quşların tarixən böyük sürülər halında burada mövsümi şəkildə məskunlaşmasına şərait yaradıb.

Mahmudçala ovçuluq təsərrüfatı çöl quşlarının əsas yaşayış və toplanma ərazilərindən biri olduğundan burada ov etmək qəti qadağandır. Ümumilikdə 7 min 136 hektar sahəni əhatə edən təsərrüfat çöl quşlarının növ müxtəlifliyi və qışlama dövründə əraziyə toplaşan quşların sayına görə İngiltərə və Niderlanddan sonra qitədə üçüncü yerdədir.

Chosen
12
4
hafta.az

5Sources