EN

Cənub-Şərqi Asiyada təbii fəlakətlərdə təxminən 1200 nəfər həlak olub

Cənub-Şərqi Asiyada təbii fəlakətlərdə təxminən 1200 nəfər həlak olub

Cənub-Şərqi Asiya ölkələrində güclü yağışların səbəb olduğu fəlakətlərdə təxminən 1200 nəfər həyatını itirib, itkin düşmüş yüzlərlə şəxs üçün axtarış-xilasetmə işləri davam edir.

Cənub və Cənub-Şərqi Asiyada iyun-sentyabr aylarında baş verən musson yağışları hər il böyük təbii fəlakətlər və qəzalara səbəb olur. Bu il də bölgədə həftələrdir davam edən leysan yağışlar böyük humanitar böhran yaradıb.

İndoneziya, Şri-Lanka, Tayland və Malayziyada baş verən fəlakətlərdə təxminən 1200 nəfər ölüb və milyonlarla insan evindən didərgin düşüb. Bölgə ölkələri ardıcıl fəlakətlərdən sonra itkin düşmüş yüzlərlə şəxs üçün axtarış-xilasetmə işlərini davam etdirir, hər gün itkilərin sayı artmaqda davam edir.

Fəlakət bölgələrində infrastruktura ciddi zərər dəydiyi üçün bir çox yaşayış yerlərinə çatmaq mümkün deyil, hökumətlər isə fövqəladə vəziyyət elan edərək təxliyyə, qida və tibbi yardım işlərini sürətləndirməyə çalışır.

Bununla yanaşı, itkin düşmüş insanların sayının çox olması gələcəkdə ölənlərin sayının artacağı barədə narahatlığı gücləndirir.

İndoneziyadakı itkilər 600-ü keçib

İndoneziyanın Sumatra adasında günlərlə davam edən leysan yağışlar sel və torpaq sürüşmələrinə səbəb olub. Rəsmi məlumatlara görə, ölənlərin sayı 604-ə çatıb, 464 nəfər isə itkin düşüb.

Bölgədə yolların uçduğu, körpülərin dağıldığı və bəzi yaşayış yerlərinə tam girişin mümkün olmadığı qeyd edilir. Əraziyə yalnız helikopter vasitəsilə humanitar yardım çatdırılır.

Yaralananların sayı 646-ya çatıb, minlərlə insan müvəqqəti sığınacaqlara yerləşdirilib. Ölənlərin sayının daha da artacağı ehtimalı var.

Şri-Lankada fövqəladə vəziyyət elan edilib

Şri-Lankada güclü yağışlar bir çox bölgədə torpaq sürüşmələrinə və ani sellərə səbəb olub. Ölkədə indiyə qədər 366 nəfər həyatını itirib, 367 nəfər isə hələ də itkindir.

Rəsmi məlumatlara görə, təxminən 1 milyon insan fəlakətdən təsirlənib. Həmçinin axtarış-xilasetmə qruplarının su basması və torpaq sürüşməsi riski olan bir çox bölgəyə çatmaqda çətinlik çəkdiyi vurğulanıb.

Axtarış-xilasetmə işləri zamanı Şri-Lanka Hərbi Hava Qüvvələrinə aid bir helikopter qəzaya uğrayıb. Pilot həlak olub, 4 nəfər isə yaralanıb.

Şri-Lanka Prezidenti Anura Kumara Dissanayake güclü yağışların yaratdığı genişmiqyaslı zərərlər səbəbilə ölkədə fövqəladə vəziyyət elan edib. Dissanayake axtarış-xilasetmə işlərinə dəstək məqsədilə 20 mindən çox hərbi personalın səfərbər olunması barədə göstəriş verib.

Taylandda sellərdən zərər çəkənlərə kompensasiya ödənəcək

Taylandın cənub bölgələrində güclü yağışların yaratdığı sellərdə 170 nəfər həyatını itirib. 12 bölgəyə mənfi təsir edən sel fəlakətindən 1,4 milyondan çox ailə və 3,8 milyondan çox insan mənfi təsirlənib.

Tayland Baş naziri Anutin Charnvirakul 26 noyabrda Songkhla əyalətində sellər səbəbindən fövqəladə vəziyyət elan edib. Charnvirakul hökumətin sellərdən təsirlənənlərə kompensasiya ödəyəcəyini və müxtəlif yardım proqramlarını tətbiq edəcəyini açıqlayıb.

Malayziyada təxminən 11 min nəfər seldən təsirlənib

Malayziyanın 7 əyalətində güclü yağışlar sel fəlakətlərinə səbəb olub və təxminən 11 min nəfər təsirlənib. Sel fəlakəti Kelantan, Penang, Perlis, Perak, Selangor, Kedah və Terengganu əyalətlərini vurub.

Rəsmi məlumatlara görə, seldən ən çox təsirlənən əyalət Kelantan olub. Burada 3022 ailədən 8248 nəfər müvəqqəti yardım mərkəzlərinə yerləşdirilib.

Chosen
7
afn.az

1Sources