EN

Mühacirətdə sönən işıqlar: Fətəli xan Xoyski və Həsən bəy Ağayevin Tiflisdə qətlləri

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fəxri VALEHOĞLU-HACIYEV

Tarix elmləri doktoru, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri

27 aprel 1920-ci ildə Bakı bolşevik işğalına məruz qaldıqdan sonra XI Qırmızı ordunun Xüsusi şöbəsi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin liderləri, ordu zabitləri, siyasi-ictimai nüfuz sahibləri təqib olunur, onların bir çoxu həbs edilərək güllələnir və ya Rusiyanın müxtəlif həbs düşərgələrinə sürgün edilirdi. Bolşevik zülmündən - "Qırmızı terror"dan yaxa qurtarmağın ən uyğun yollarından biri Azərbaycan ərazisini tərk edib ilkin mərhələdə qonşu ölkələrdə, xüsusən də Gürcüstan və Osmanlıda daldalanmaq idi. Həmin dövrdə Gürcüstan mətbuatı Tiflisə Azərbaycanın keçmiş hökumətinin nümayəndələrinin gəldiyini və onların rəsmi deyil, fərdi şəxslər kimi qəbul olunduğunu yazırdı.

Sabiq Baş nazir Fətəli xan Xoyski və sabiq parlament sədrinin müavini Həsən bəy Ağayev Gürcüstan Demokratik Cümhuriyyətində sığınacaq tapmış AXC dövlət xadimlərindən idilər. Fəqət Fətəli xan və Həsən bəy burada da onları izləyən təhlükədən qurtula bilməmiş, daşnakların "Nemezis" əməliyyatı çərçivəsində terror hədəfinə tuş gələrək Tiflisdə qətlə yetirilmişdilər. Tiflis həmin günlərdə həm ümid qapısı, həm də ölümün soyuq nəfəsini içində daşıyan qərib bir məkana çevrilmişdi.

Fətəli xan Xoyskiyə qarşı sui-qəsd

Fətəli xan Xoyski

Fətəli xan Xoyski AXC hökumətində ədliyyə və daxili işlər naziri vəzifələrində çalışmış Xəlil bəy Xasməmmədovla birlikdə 1920-ci il 19 iyun tarixində axşam saatlarında onları izləyən iki daşnak canisinin silahlı hücumuna məruz qalmışdı. Dövrün Gürcüstan mətbuatını incələyərkən bu sui-qəsd hadisəsinin təfərrüatlarına dair önəmli məlumatlara rast gəldik. Həmin məlumatlardan bəlli olur ki, Tiflisin ikinci polis məhəlləsinin ərazisində yerləşən Feodosi kilsəsinin qarşısında yaxın məsafədən Mauzer sistemli tapançadan atılan 10-dan çox güllədən biri Fətəli xanın kürəyinə dəymiş, daha bir güllə isə sağ gicgahının aşağı nahiyəsindən girib boynundan çıxaraq onun yanında yürüyən Xəlil bəyin boynuna yüngül xəsarət yetirmişdi. X.Xasməmmədovun sağ ayağının dərisi də güllə ilə səthi zədələnmişdi. Ağır yaralanan F.Xoyski ertəsi gün Mixail xəstəxanasında vəfat etmişdi.

Tiflis qəzetləri bu terror aktı barədə oxucularını hadisədən 3 gün sonra - 22 iyunda bilgiləndirirdi.

 F.Xoyskinin qətli ilə bağlı "Ertoba"  qəzetində yayımlanmış məlumat

F.Xoyskiyə sui-qəsdlə bağlı "Slovo"  ("Slovo") qəzetində yayımlanmış məlumat

F.Xoyskinin qətli ilə bağlı "Sakartvelos komunisti"  qəzetində dərc olunmuş məlumat

Belə ki, mətbuat həmin tarixdə Gürcüstan Teleqraf Agentliyi (GTA) tərəfindən yayılmış, Tiflisin ikinci məhəlləsinin komissarı tərəfindən şəhər başçısı, şəhər milisi, birinci məhəllənin müstəntiqi, dairə məhkəməsinin prokuroru və onun müavininə qətl hadisəsi baş verən gün - 19 iyunda göndərilmiş aşağıdakı bildirişi cüzi fərq və əlavələrlə "Xan-Xoylunun qətli" başlığı altında dərc edirdi:

"19 iyun axşamı saat 11-də Feodosi küçəsində bədxahlar Azərbaycanın keçmiş naziri Xan-Xoylunu revolverlə ağır yaralayıblar.

 Feodosi kilsəsi XX əsrin əvvəllərində

İstintaq aparılır. Bədxahların müəyyən edilməsi üçün tədbirlər görülüb.

Feodosi küçəsində baş verən cinayət barədə hökumət üzvlərinə dərhal məlumat verilib. Qətl hadisəsinin mümkün qədər təfərrüatlı araşdırılması və aydınlaşdırılması üçün qəti əmr verilib. İstintaq başa çatdıqdan sonra hökumətin bununla bağlı açıqlaması olacaq.

Xan-Xoylu şənbə günü təqribən saat 12-də Mixail xəstəxanasına çatdırıldı. Onun huşu özünə qayıtmadı və iyunun 20-də səhər saat 4-də dünyasını dəyişdi. Dəfn mərasimi iyunun 21-də səhər saat 11-də baş tutdu. Mərhum müsəlman məzarlığında dəfn olundu. Xan-Xoylunun yol yoldaşı Xəlil bəy Xasməmmədov (gürcüdilli mətbuatda səhvən Xəlil Bəyşah Məmmədov yazılıb - F.V.-H.) yüngül yaralar alıb. Onun vəziyyəti yaxşılaşır" [Gürcü mənbələrində Fətəli xan Xoyskinin soyadı əksər hallarda Xoylu, daha dəqiq desək, Xan-Xoylu kimi göstərilir].

Gürcüstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin mətbu orqanı olan "Sakartvelos komunisti" (tərcüməsi: "Gürcüstan kommunisti") gündəlik qəzeti GTA-nın bu məlumatına əlavə olaraq F.Xoyskini müşayiət edən bir qadının da yüngül yaralandığını yazırdı.

Hadisə barədə daha ətraflı bilgini GDC hökumətinin bağladığı "Kavkazskoyeslovo" ("Kavkazskoeslovo") və onun yerinə yaradılmış "Zakavkazskoyeslovo" ("Zakavkazskoeslovo") qəzetlərinin davamı olan "Slovo" ("Slovo") qəzeti yayımlayırdı. Erməni burjuaziyası ilə əlaqələndirilən bu qəzetin 22 iyun 1920-ci il tarixli sayında GTA-nın yuxarıda təqdim olunan məlumatından başqa, F.Xoyskinin tərcümeyi-halı öz əksini tapır, eləcə də sui-qəsdin detalları barədə geniş bilgi təqdim olunurdu:

"İsti yay axşamından istifadə edərək Qolovin prospekti və Olqa küçəsində dinc şəkildə gəzinən insanlar 19 iyun axşamı təqribən saat 11-də atəş səslərindən təşvişə düşdü.

Məlum oldu ki, "Pikadilli" kinematoqrafından çıxıb Olqa küçəsində yerləşən Saracevin evindəki mənzilə doğru gedən Azərbaycanın sabiq Baş naziri Fətəli xan Xoyski və ədliyyə naziri Xəlil bəy Xasməmmədova Feodosi kilsəsinin qarşısındakı bağçada, keçiddə hücum olunmuşdur.

Olqa prospekti XX əsrin əvvəllərində

Şahidlərin sözlərinə görə, qatillər iki nəfər idilər. Onlar özlərini Xan-Xoyski və Xasməmmədova yetiriblər və onlardan biri öz qurbanlarına mauzerdən atəş açmağa başlayıbdı. Atılmış 10-15 güllədən ikisi Xan-Xoyskiyə dəyib: biri kürəyinə, o biri isə sağ gicgahının aşağı nahiyəsinə və (bu sonuncu güllə) boynundan çıxaraq onun yanında yürüyən Xasməmmədovun boynunu təhlükəsiz şəkildə yaralayıb. Xasməmmədov həmçinin ikinci güllə ilə sağ ayağından təhlükəsiz şəkildə (dəri xəsarəti) yaralanıbdır. Atəş açan yerindəcə öz mauzerini ataraq yoldaşı ilə birlikdə atəş səslərindən qaçan camaata qarışıb Qriboyedov küçəsi ilə üzüyuxarı qaçmağa başlayıbdır. Buna görə milislər bədxahlara atəş aça bilməyiblər. Deyirlər ki, ikinci bədxah da yolda öz mauzerini atıb, ancaq bu silah tapılmayıb.

Cinayət baş verən yerə gələn şəhər milisinin rəisi v.i.e. S.N.Mikeladze yaralıları avtomobillə Mixail xəstəxanasına göndərib, orada növbəti gün səhər saat 4 radələrində Xan-Xoyski aldığı yaralardan vəfat edibdir.

Qatillərin və qətlin səbəblərinin müəyyən edilməsi üçün ciddi istintaq aparılır; şübhəli bilinən bir neçə nəfər saxlanılıb.

Cinayətin törədildiyi yerə və xəstəxanaya Ədliyyə Departamentinin direktoru Q.F.Jordaniya, Məhkəmə Palatasının prokuroru M.A.Tatiyev və Dairə Məhkəməsinin prokuroru M.S.Kandelaki, Şərqi Gürcüstanın general-qubernatoru K.A.Sulakvelidze, Daxili İşlər Nazirliyinin Dəftərxanasının rəisi Gegelaşvili, şəhər başçısı V.Q.Çxikvişvili, Cinayət Milisinin rəisi P.Z.Paçuliya və d. gəliblər. Bu iş üzrə istintaqın aparılması Məhkəmə Palatası dairəsinin xüsusilə mühüm işlər üzrə məhkəmə müstəntiqi M.F.Comarcidzeyə həvalə olunub" (Qeyd edək ki, 23 oktyabr 1919-cu ildə Tiflisdə 2 erməni muzdlu qatil tərəfindən şəhadətə yetirilmiş İrəvan əsilli tanınmış ictimai xadim, mühəndis Xəlil bəy Qasımbəyova qarşı sui-qəsd işinin istintaqını da müstəntiq M.F.Comarcidze həyata keçirmişdi).

"Slovo"nun təqdim etdiyi bu məlumatda əks olunan küçə adları və məkanlar barədə dəqiqləşdirmə aparmaqla hadisəyə dair daha dolğun təsəvvür formalaşdırmağa cəhd göstərəcəyik. İlk növbədə sözügedən mənbədən bəlli olur ki, Fətəli xan Xoyski ömrünün son günlərini Tiflisdə Olqa//Olqinskaya küçəsində Saracevə məxsus evdə yaşayıb.

 Olqa küçəsində (indiki Kostava küçəsi) inşa olunmuş Saracevin mülkü XX əsrin 60-cı illərində (Ölümündən qabaq F.Xoyskinin yaşadığı ünvan)

Rusiya imperatoru I Nikolayın gəlini (Qafqazda canişin vəzifəsini tutmuş knyaz, general-feldmarşal Mixail Romanovun zövcəsi) Olqa Fyodorovnanın şərəfinə adlandırılmış Olqa küçəsi indiki Şota Rustaveli prospektinin yuxarı hissəsi və onun davamı olan Merab Kostava küçələrini özündə birləşdirirdi. 1848-1911-ci illərdə yaşamış alim, xeyriyyəçi və iş adamı - məşhur konyak istehsalçısı David Saracev (Saracişvili) Tiflisdə bir neçə malikanəyə sahib idi; onlardan biri Olqa küçəsində inşa olunmuşdu. Fətəli xan Xoyski D.Saracevin Olqa küçəsi 31 ünvanında yerləşən həmin mülkündəki mənzildə yaşamışdı. Qonşuluqdakı Olqa küç. 33 ünvanında Mamalıq İnstitutu (indiki Çaçava adına Tibb Klinikası, M.Kostava küç. 38), Olqa küç. 29-da isə müxtəlif təyinatlı satış mağazaları yerləşirdi. Sovetlər Birliyi dönəmində Olqa küç. 29 və 31 ünvanlarında yerləşən binalar dağıdılıb. Hazırda həmin ərazidə ? M.Kostava küç. 36-da "Amirani" kinoteatrı fəaliyyət göstərir.

Mənbədə qeyd olunan Qolovin prospektinin adı əslində Gürcüstan Demokratik Cümhuriyyəti elan olunduqdan sonra dəyişdirilmişdi və Ş.Rustaveli prospekti adlandırılırdı (Sonradan bu prospekt Olqa küçəsinin bir hissəsi və Dvortsovaya küçələri hesabına hər iki istiqamətdə genişləndirilmişdir).

 Qolovin prospekti XX əsrin əvvəllərində

"Pikadilli" sinematoqrafı (kinoteatrı) Olqa küçəsinin başlanğıcında, bu küçənin Ş.Rustaveli prospekti və Arşakuni dalanı (indiki Ş.Rustaveli döngəsi) ilə kəsişməsində yerləşirdi.

Tiflisdə fəaliyyət göstərmiş "Pikadilli" kinematoqrafının planı

1926-1930-cu illərdə həmin ərazidə 5 mərtəbəli müasir bina (indiki Ş.Rustaveli prospekti 42) inşa edilib.

"Pikadilli" kinematoqrafının yerində inşa olunmuş bina

"Zarya Vostoka" ("Zarə Vostoka") qəzetinin redaksiya heyəti və "Merani" nəşriyyatı bu binada fəaliyyət göstərib.

1920-ci ilin 19 iyun axşamı saat 11 radələrində Xəlil bəy Xasməmmədovla birlikdə "Pikadilli" kinoteatrından çıxıb yaşadığı ünvana doğru gedən Fətəli xan Xoyski onu təqib edən terrorçuların hücumuna Olqa küçəsi boyunca təqribən 70-80 metr addımladıqdan sonra - Olqa, A.Qriboyedov və Feodosi//Feodosiyevskaya küçələrinin kəsişməsində, Müqəddəs Feodosi kilsəsinin qarşısında məruz qalmışdı. 1906-cı ildə keçmiş Poçt meydanında inşasına başlanılmış bu rus pravoslav kilsəsi ibadətə 1910-cu ildə açılıb və sol tərəfindəki Moskva küçəsi ilə birlikdə XVII əsrdə Çerniqovun arxiyepiskopu olmuş Feodosi Çerniqovskinin şərəfinə adlandırılıb. Sovet dövründə kilsənin qübbələri sökülsə də, binanın özü dağıdılmamış, onda Tiflis Tarix Muzeyi, Şahmat Sarayı və digər qurumlar fəaliyyət göstərmişdi. İndi həmin bina müxtəlif kommersiya strukturlarının istifadəsindədir. Feodosi küçəsi hazırda məşhur tenor Vano Saracişvilinin adını daşıyır, A.Qriboyedov küçəsinin adı isə sovet hakimiyyəti illərində olduğu kimi, onun süqutundan sonra da dəyişməyib.

Sui-qəsd nəticəsində ağır yaralanan F.Xoyski və yüngül xəsarət alan X.Xasməmmədovun 19 iyundan 20 iyuna keçən gecə saat 12 radələrində çatdırıldıqları Mixail//Mixaylovskaya xəstəxanası Mixail//Mixaylovski prospektində (indiki Ağmaşenebeli prospekti 60a) yerləşirdi və o dövrdə şəhərin ən böyük səhiyyə ocağı idi.

Mixail xəstəxanası XX əsrin əvvəllərində

Həm xəstəxana, həm də prospekt knyaz Mixail Romanovun adını daşıyırdı. Qafqazda ilk xəstəxana olan Mixail xəstəxanasının SSRİ dövründə adı dəyişsə də, təyinatı dəyişməyib.

(Ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
525.az

1Sources