EN

ADAU-da gənc mütəxəssislərin hazırlanması prosesi müzakirə olunub

Gəncə, 2 dekabr, Elcan Məmmədov. AZƏRTAC

Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əməkdaşları və tələbələri ilə görüş keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşün əsas məqsədi elm və təhsil arasındakı əlaqələri gücləndirmək, meliorasiya və su təsərrüfatı sahəsində gənc mütəxəssislərin hazırlanması prosesini müzakirə etmək olub.

Tədbirdə ADAU-nun Meliorasiya və hidrotexniki qurğular kafedrasının professor-müəllim heyəti, III və IV kurs tələbələri fəal iştirak ediblər. Görüş zamanı institutun cari fəaliyyət istiqamətləri, su ehtiyatlarının idarə olunması, meliorasiya sistemlərinin yenidən qurulması və rəqəmsallaşdırılması üzrə həyata keçirdiyi elmi-tədqiqat layihələri barədə ətraflı məlumat verilib. Professor-müəllim heyəti bu cür əlaqələrin təhsilin keyfiyyətini artırmaq və məzunların peşəkar inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.

Hər iki tərəfin nümayəndələri elm və təhsilin inteqrasiyasını dərinləşdirməyə, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini davam etdirməyə və gələcəyin meliorasiya mühəndislərini yetişdirməyə birgə töhfə verməyə hazır olduqlarını bildiriblər.

 

 

Chosen
2
azertag.az

1Sources