EN

Şəkidəki “Bio Garden” aqroturizm üçün ideal məkana çevrilib

Bio-bağ konsepsiyalı Ailə Təsərrüfatı Turizmi ölkəmizin kənd yerlərində sosial rifahın yüksəldilməsi, yeni xidmət sahələrinin yaradılması və gəlir mənbələrinin şaxələndirilməsi məqsədilə kənd turizmini inkişaf etdirən aqro–ekoturizm layihəsidir. 

Missiya.Az-ın Şəkiyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə “Bio Garden” Aqro Ekoturizm təsərrüfatının rəhbəri Etibar Nuriyev danışıb.

O bildirib ki, bu turizm modeli həm fermerlər, həm də turizm sənayesi üçün əlavə gəlir imkanı yaradır, eyni zamanda yerli mədəniyyətin və adət-ənənələrin təbliğinə xidmət edir:

"Azərbaycanda bu sahənin böyük inkişaf potensialı var və Şəkidə yerləşən “Bio Garden” layihəsi buna bariz nümunədir. 2008-ci ildə yaradılan və 2018-ci ildən etibarən ictimaiyyət üçün açıq olan təsərrüfat 8 hektarlıq aqro-ekoloji ərazini əhatə edir. Burada Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən gətirilmiş meyvə, giləmeyvə və tərəvəz növləri üzvü üsullarla becərilir. Qonaqlar yetişmiş meyvələri birbaşa ağacdan dərərək dadmaq imkanı əldə edirlər".

Etibar Nuriyev onu da qeyd edib ki, təsərrüfatın ərazisində balıqçılıq sahəsi, istirahət kottecləri, restoran, kafe və uşaqlar üçün əyləncə zonaları mövcuddur. Bundan əlavə, müxtəlif ölkələrdən gətirilmiş dekorativ quşlar və digər ev heyvanlarını görmək mümkündür. “Bio Garden” fermerlər tərəfindən aparılan bələdçi turları ilə ziyarətçilərə becərmə üsulları və ekoloji təmiz təsərrüfat təcrübələri barədə məlumat təqdim edir. Qonaqlar burada təsərrüfatın məhsullarından hazırlanan təbii və üzvi məhsulları birbaşa mənbədən əldə edə bilirlər.

Layihənin əsas məqsədi aqro-ekoturizmin inkişafı vasitəsilə kənd yerlərinin sosial rifahını yaxşılaşdırmaq, fermerlər üçün yeni satış kanalları açmaq və onların gəlir səviyyəsini artırmaqdan ibarətdir", - deyə E.Nuriyev əlavə edib.İlahə QənbərliMissiya.Az

Chosen
44
missiya.az

1Sources