EN

Britaniya İsraili Qəzza yardımını gecikdirdiyinə görə tənqid edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Böyük Britaniya Qəzzaya humanitar yardımın çatdırılmasında yaranan ləngimələrə görə İsrailə kəskin etirazını bildirib. BBC-nin məlumatına görə, Londondan göndərilən 1 100-dən çox çadırdan ibarət yardım yükünün Qəzzaya çatması bir ildən çox vaxt alıb.

TurkicWorld xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Yvet Kuper bildirib ki, İsrail–HƏMAS atəşkəsi qüvvədə olsa da, London tərəfindən maliyyələşdirilən digər humanitar yardım hələ də fələstinlilərə çatdırılmayıb. BMT isə xəbərdarlıq edir ki, Qəzzada 1,5 milyon insan təcili qış sığınacağına ehtiyac duyur.

Britaniyanın çadır partiyası Qəzzaya yalnız bazar ertəsi daxil olub. Hər biri beş nəfərlik ailəni yerləşdirməyə imkan verən bu çadırların növbəti hissəsinin həftə ərzində gəlməsi gözlənilir. Rəsmi London yardımın ümumilikdə 12 minədək fələstinlinin qış aylarını daha təhlükəsiz keçirməsinə imkan yaradacağını bildirir.

Nazir Kuper əlavə edib ki, bundan sonra humanitar yardımın qarşısının alınması və giriş-çıxış məntəqələrində ləngimələr qəbuledilməzdir. O, Qəzzaya bütün keçidlərin açılmasını və yardımın maneəsiz çatdırılmasını tələb edib.

“Qəzzadakı vəziyyət kritik olaraq qalır. İki ildən çox davam edən müharibə, infrastrukturun dağıntıları və indi də ağır hava şəraiti fələstinlilərin vəziyyətini daha da çətinləşdirir,” – deyə Kuper bildirib.

Onun sözlərinə görə, valideynlər övladlarını dağılmış damların altında və açıq havada soyuqdan qorumağa çalışır. “Bu çadırlar minlərlə insana sığınacaq verəcək, onları küləkdən və yağışdan qoruyacaq.” - nazir deyib.

BMT-nin son statistikasına əsasən, Qəzzada 2023-cü ilin oktyabrından bəri əhalinin 90%-i, yəni təxminən 1,9 milyon insan məcburi köçkünə çevrilib.

UNICEF-in Fələstin üzrə xüsusi nümayəndəsi Conatan Veiç qeyd edib ki, çətin hava şəraiti fələstinli ailələrin vəziyyətini daha da ağırlaşdırır. “Atəşkəs qüvvədə olsa belə, Qəzzada uşaqlar üçün gündəlik həyat inanılmaz dərəcədə çətindir. Britaniyanın maliyyələşdirdiyi çadırların daxil olması vacib addımdır, lakin daha çox yardıma ehtiyac var.”- nümayəndə deyib.

Chosen
21
turkic.world

1Sources