EN

Asiya ölkələrində təbii fəlakətdən ölənlərin sayı 1300-ü ötüb

Pekin, 3 dekabr, AZƏRTAC

Cənubi və Cənub-Şərqi Asiya ölkələrində musson yağışlarının və siklonun səbəb olduğu fəsadlar nəticəsində ölənlərin sayı 1379-a çatıb.

AZƏRTAC xəbər verir ki, təbii fəlakət İndoneziya, Şri-Lanka və Tailandda 900-dan çox adamın itkin düşməsinə səbəb olub.

İndoneziyanın Sumatra adasında daşqın, torpaq sürüşməsi və palçıq axınında 744 nəfər ölüb, 551 nəfər itkin düşüb. Şimali Sumatra əyalətində 500 mindən çox sakin təxliyə edilib. Təxliyə olunanların böyük hissəsinin evləri tam dağılıb. Axtarış-xilasetmə və təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə mülki müdafiə qüvvələri ilə yanaşı polis və hərbçilər də cəlb olunub

Şri-Lankada “Ditvah” qasırğası nəticəsində baş verən torpaq sürüşmələri və daşqınlarda 465 nəfər ölüb, 366 nəfər itkin düşüb.

Tailandda isə ölü sayı 170-ə çatıb.

Qeyd edək ki, noyabrın 25-dən bəri musson yağışları Cənubi və Cənub-Şərqi Asiyada böyük fəsadlara səbəb olub. Təbii fəlakət ümumilikdə 4 milyon insanın həyatına təsir edib.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
52
23
azertag.az

10Sources