İşçilər məzuniyyətə çıxdıqda əməkhaqqından az olmamaqla məvacib ala biləcək.
Aznews.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.
Layihəyə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda, sonuncu əmək haqqından az olmamaqla, orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır. Bu halda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınır.
Eyni zamanda, sənədə əsasən, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddətinə də dəyişiklik edilir.