EN

Kukla Teatrının “Sevgiyə açılan qapı”ları

Kukla Teatrının “Sevgiyə açılan qapı”ları

Azərbaycan Dövlət Kukla Teatrı ənənəsinə sadiq qalaraq 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar əlilliyi olan uşaq və yeniyetmələrə dəstək məqsədi ilə “Sevgiyə açılan qapı” adı altında “Açıq qapı günü” keçirib.

Tədbirə qatılan teatrsevərlər uşaq ədəbiyyatımızın görkəmli nümayəndəsi Xanımana Əlibəylinin sevilən mənzum əsərlərindən “Dovşanın ad günü” mənzum pyesi əsasında hazırlanan eyniadlı tamaşanı izləyiblər. Bədii nümunənin səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Rəna Abasova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır.

Birhissəli uşaq tamaşasında obrazları teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman, Samirə Nəcəfova, Bayram Ağamalıyev, Araz Həsənli, Elnur Xəlilov, Səbinə Məmmədova, Firuzə Nəsibli və Könül Nəsibova canlandırırlar.

Əsərin ana ideyasını saxlamaqla maraqlı və rəngarəng tərtibatı, dolğun musiqi həlli ilə tamaşada hadisələr bir meşədə təsvir olunur. Canavar Dovşanı yemək üçün bir neçə cəhd göstərsə də, buna nail ola bilmir. Günlərin bir günü meşəyə soraq yayılır ki, Dovşanın ad günü olacaq. Bunu eşidən Canavar Tülkü ilə hiylə qurub Dovşanın ad gününü gözləyirlər. Dovşan, Kirpi, Alabaş, Çəpiş, Quzu, Qaranquş daim bir yerdə olur və bir-birinə kömək edirlər.

Tülkü ilə Canavarın hiyləsini başa düşən bu zəif heyvanlar birləşib qərara gəlirlər ki, hamının yeganə xilas yolu bu iki vəhşini aradan götürməkdir. Ona görə də əlbir olub Tülkü ilə Canavarı məğlub edirlər. Beləcə zəif görünən güclü iradəli dostlar tamahkar yırtıcılara qalib gəlirlər. Yəni dostluq və birlik zəfər çalır.

Qeyd edək ki, nümayişdə iştirak edən tamaşaçıların əsas qismi Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) üzvləri olub.

Chosen
14
1
afn.az

2Sources