Hüseyn İbrahimov: “Nəyin bahasına olursa olsun müharibəni dayandırmaq, ölkəni qurban vermək istəyir”
Kremlin saytında yayımlanan məlumata görə, noyabrın 30-u axşam Rusiya Prezidenti, Ali Baş Komandan Vladimir Putin birləşmiş ordu qruplaşmalarının idarəetmə məntəqələrindən birində olub və burada ona Baş Qərargah rəisi Valeri Gerasimov “Donetsk Xalq Respublikası”nın Krasnoarmeysk şəhərinin (Rusiya Ukraynada qismən işğal olunmuş Donetsk vilayətinin Pokrovsk şəhərini Krasnoarmeysk adlandırır) və Xarkov vilayətinin Volçansk şəhərinin “azad edilməsi” barədə məruzə edib.
Bu işğal Trampın razılığı əsasında Ukraynanı sülhə məcbur etmək məqsədilə həyata keçirilə bilərmi? Məsələ ondadır ki, danışıqların getdiyi bir vaxtda ABŞ ciddi cəhdlə ərazi itkilərini özündə əks etdirən layihəni qəbul etdirmək istəyir. Tez-tez Rubio, Tramp bəyanatla çıxış edirlər və Ukraynaya açıq eyham vururlar ki, hava döyüşlərində məğlub olubsunuz. ABŞ-ın Ukraynaya hörməti odur ki, müharibəni dayandırır. Rusiya hücuma keçsə bütün Ukraynanı işğal edəcək və s. Bütün bunların fonunda Pokrovskın işğalı baş verib. Bu o deməkdir ki, Rusiyanı qızışdıran Trampdır. O mənada ki, “sən ordan sıx, mən də burdan”. Belə ola bilərmi? Yəni Trampın razılığı əsasında Ukraynanı sülhə məcbur etmək məqsədilə həyata keçirilə bilərmi?
“Tramp təcavüzkara yox, təcavüzə məruz qalan, ərazi bütövlüyü pozulan Ukraynaya təzyiq edir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov hesab edir ki, ABŞ Ukraynada gedən müharibə ilə əlaqədar Rusiyaya gərəkən təzyiqi göstərmir: “Halbuki, Rusiya təkcə Ukrayna ilə müharibə aparmır. Rusiya həm də Avropaya meydan oxuyur. Bu isə ABŞ-ın da maraqlarına toxunur. Ona görə ki, Avropa İttifaqı ABŞ-ın ən böyük iqtisadi tərəfdaşıdır. Eyni zamanda siyasi və hərbi tərəfdaşıdır. Reallıq odur ki, neçə ildir Rusiya Avropaya qarşı informasiya, hibrid müharibəsi aparır. Tramp isə yeri gəldi-gəlmədi bəyan edir ki, mən prezident olsaydım müharibə olmazdı. Hesab edirəm ki, bu, prezidentə xas yanaşma deyil. Tramp məsələnin kökünə dərindən yanaşmaq istəmir. Nəyin bahasına olursa olsun müharibəni dayandırmaq, Ukraynanı qurban vermək istəyir. Əfsuslar olsun ki, bir ilə yaxındır Trampın timsalında biz bunu müşahidə edirik. Tramp anlamaq istəmir ki, bu gün Ukrayna qurban verilərsə, Putin bununla kifayətlənməyəcək. Növbəti hədəf Avropa ölkələri olacaq. Putin Ukraynada qalib gəlsə, Mərkəzi Asiya ölkələrinin Avropaya Cənubi Qafqaz üzərindən çıxışına, ticarət əlaqələrinə mane olacaq. Tramp təcavüzkara yox, təcavüzə məruz qalan, ərazi bütövlüyü pozulan Ukraynaya təzyiq edir. Halbuki, Birləşmiş Ştatlar Rusiyaya qarşı bütün vasitələri işə salsa, sanksiyaların miqyasını genişləndirsə, Ukraynada təcavüzün qarşısını almaq olar. Ancaq biz görürük ki, Vaşinqton Ukrayna üzərində Moskva ilə oyun oynayır. Nəticədə olan Ukraynaya, bu ölkənin xalqına olur. Fakt odur ki, strateji əhəmiyyətə malik olan Pokrovsk şəhəri əldən gedir. Rusiya şəhərə tam nəzarət etməsə də, vəziyyət Ukraynanın xeyrinə deyil. Ukrayna ilə bağlı vəziyyəti mürəkkəbləşdirən həm də odur ki, ölkədə korrupsiya skandalı onsuz da ağır olan vəziyyəti daha da mürəkkəbləşdirir”.
Vidadi ORDAHALLI