Roma silah tədarükünə yenidən baxır, hökumət daxilində gərginlik və maliyyə çatışmazlığı bu siyasəti formalaşdırır…
Poliqon xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tayani Brüsseldə verdiyi açıqlamalarla Roma hökumətinin Ukrayna ilə bağlı mövqeyində dönüş baş verdiyini nümayiş etdirib. Bloomberg Agentliyi yazır ki, Tayaninin bəyanatları Baş nazir Corca Meloninin rəhbərlik etdiyi koalisiya daxilində maliyyə çatışmazlığı və siyasi gərginlik fonunda strategiyanın yenidən formalaşdırıldığını göstərir.
Tayani NATO-nun ABŞ silahlarının Kiyev üçün birgə satın alınmasını nəzərdə tutan PURL proqramındakı iştirak barədə sualı cavablandırarkən bildirib.
“Əgər biz razılaşmaya nail olsaq və döyüşlər dayansa, daha silaha ehtiyac qalmayacaq”, deyə Tayani vurğulayıb.
Nazirin sözlərinə görə, İtaliyanın bu proqramda iştirakını müzakirə etmək “hələ ki, vaxtından əvvəl” görünür.
İtaliya rəsmisi qeyd edib ki, əgər münaqişə danışıqlar yolu ilə həll olunarsa, o zaman əsas prioritetlər dəyişəcək və təhlükəsizlik təminatları kimi alternativ mexanizmlər gündəmə gələcək. Bloomberg yazır ki, Roma belə mövqeyi açıq şəkildə ifadə edən ilk Avropa ölkəsidir və bu, Ukraynaya silah tədarükünün danışıqlar mərhələsində dayandırılması ideyasına işarə edir.
Qeyd edək ki, hələ oktyabr ayında İtaliya PURL proqramına qoşulmağa hazır olduğunu bildirmişdi. Lakin indi Tayani-nin çıxışı həmin planlardan geri addım kimi qiymətləndirilir. Bu bəyanat həmçinin Avropada silah istehsalını artırmaq çağırıqları ilə ziddiyyət təşkil edir.
Ukrayna tərəfi daha əvvəl bildirmişdi ki, qış təhlükəsizliyi üçün PURL çərçivəsində əlavə 1,2 milyard avroya ehtiyac var. Roma isə hazırkı mərhələdə prioritetin diplomatik həllə verilməli olduğunu vurğulayır.
Poliqon.info