BAKI, 4 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın elçiləri Rusiya lideri Vladimir Putinlə beş saatlıq görüşündən sonra Moskvanı heç bir nəticə əldə etmədən tərk ediblər.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Vladimir Putinin köməkçisi Yuri Uşakov danışıqlardan sonra 28 bəndlik sülh planı və digər 4 sənəddən danışıb. Mənbə hesab edir ki, bu detallardan danışmaq Ukrayna Prezidenti Volodimir Zelenskini qəzəbləndirməyə hesablanıb.
“Amma diplomatiyanın yekun mərhələsi əsasən səssizlik içində keçir və Zelenskinin sevinməsi üçün az səbəb var. Trampın sazişin dərhal bağlanması üçün verdiyi son tarix ilğıma çevrilib, qarşıda isə qonaqpərvər olmayan səhralıq uzanır”, - CNN yazıb.
Mənbə qeyd edib ki, Tramp müharibəyə mümkün qədər tez son qoymağa çalışmaqda haqlıdır, amma bu, Putin və onun qlobal balansı bərpa etmək, ABŞ-nin illərlə davam edən hegemoniyasına son qoymaq kimi genişmiqyaslı məqsədini fatal şəkildə anlamamaqdan irəli gəlir.
Putinin köməkçisi Uşakov bildirib ki, təklif olunan sazişin bəzi elementləri qəbulediləndir, digərləri isə ciddi tənqidə məruz qalıb. CNN-in məlumatına görə, Zelenski Trampın elçilərinin Kremlə səfərindən əvvəl ərazi güzəşti məsələsini özəl şəkildə müzakirə edib, bununla müharibənin qırmızı xəttini yumşaldıb. Amma Kiyevin mümkün güzəştlərinin dəqiq mahiyyəti ən ciddi sirr olaraq qorunur.
Bununla belə, Uitkoff Kremldə nə qədər “şirinlik” eləsə də, Putin razılaşmanı qəbul etmədi. Rusiyanın mövqeyini başa düşmək o qədər də çətin deyil. CNN-in fikrincə, Putin hərbi cəhətdən yavaş, amma inamla üstünlük qazanır, Ukraynanın kadr və maliyyə problemləri ilə zəiflədiyini, üstəlik daxili siyasi böhran girdabında olduğunu görür.
“Mübarizə və yavaş-yavaş qazandığı qələbə Putini məmnun edir, o, gələcəkdə daha böyük qələbə ola biləcəyinə inanır. Bu isə real və davamlı sülhün əldə edilməsini mümkünsüz edir”, - mənbə əlavə edib.