EN

Vüqar Məmmədovun qanunsuz həbsi ilə bağlı Avropa İttifaqının Azərbaycandakı Səfirinə MÜRACİƏT

Hurriyyet portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Hurriyyet TV” internet telekanalının kollektivi Baş redaktor Vüqar Məmmədovun (Tofiqoğlu) qanunsuz həbsi ilə bağlı Avropa İttifaqının Azərbaycandakı Səfiri xanım Marijana Kujundjiçə müraciət ünvanlayıb. Hurriyyet.az həmin müraciəti olduğu kimi dərc edir:

“Hörmətli xanım Səfir!

“Hurriyyet TV” redaksiyası olaraq Sizə müraciət etmək məcburiyyətində qalmağımızın səbəbi ölkədə medianın institusional funksionallığına, jurnalistlərin təhlükəsizliyinə və ifadə azadlığının real təminatlarına dair ciddi narahatlıqlarımızın artmasıdır.

Hazırda “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədov barəsində aparılmış proseslər, onun saxlanılması və ofisimizin məhkəmə qərarı olmadan möhürlənərək fəaliyyətinin dayandırılması, təəssüf ki, hüquqi dövlət prinsipləri ilə ziddiyyət təşkil edən tendensiyanın mövcudluğunu nümayiş etdirir.

Biz redaksiya olaraq iddia etmirik ki, hər hansı şəxs toxunulmazdır və qanundan kənardır. Əksinə, hüquqi məsuliyyətin istər jurnalistə, istər adi vətəndaşa, istərsə də məmura eyni ölçü meyarları ilə tətbiq edilməsini müdafiə edirik. Lakin Vüqar Məmmədovun saxlanılmasının polis orqanları deyil, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilməsi, ittihamın mahiyyəti ilə müqayisədə ölçüsüz güc tətbiqi kimi görünür və istər hüquqi proporsionallıq, istərsə də institusional səlahiyyət bölgüsü baxımından suallar yaradır.

Hörmətli xanım Səfir!

Vüqar Məmmədov həbsdən əvvəl bir neçə dəfə açıq şəkildə təhlükə altında olduğunu bildirmiş, hətta Prezidentə müraciət edərək özünün qanunsuz həbs ehtimalını vurğulamışdı. Əgər doğrudan da barəsində irəli sürülən ittihamlar cinayət tərkibli fəaliyyətə əsaslanırdısa, bunun hüquq-mühafizə orqanları tərəfindən aydın, şəffaf və qanun çərçivəsində araşdırılması üçün heç bir maneə yox idi.

Bugünkü vəziyyət isə ölkədə jurnalistlərin ictimai nəzarət funksiyasını həyata keçirməsinin faktiki olaraq riskli hala düşdüyünü və medianın səsvermə legitimliyində mühüm rol oynayan “checks and balances” (təkzib və tarazlıq) mexanizmlərinin zəiflədiyini göstərir.

Biz Avropa İttifaqının dəstəklədiyi qurumlararası dialoq, hüquqi dövlət, azad media, şəffaf idarəetmə və təhlükəsiz informasiya mühiti üzrə tərəfdaşlıq prinsiplərinə sadiqik. Elə buna görə də Sizin nümayəndəlik olaraq qeyd olunan hadisələrlə bağlı obyektiv müşahidə aparacağınıza və bu istiqamətdə rəsmi qeydlərinizdə məsələni diqqətdə saxlayacağınıza inanırıq.

Bizim müraciətimizin məqsədi siyasi təzyiq yaratmaq deyil. Məqsəd yalnız bir sualın cavablandırılmasını təmin etməkdir: Azərbaycan mediasının sabahı hansı hüquqi və institusional reallıq üzərində qurulacaq?

Vüqar Məmmədovun işi bu mənada təkcə fərdi hadisə deyil, sistemin özünü göstərən indikatorudur. Əgər bu prosesdə proporsionallıq, şəffaflıq və hüquqi prosedurların bərabər tətbiqi təmin olunarsa, biz medianın inkişafına, jurnalist təhlükəsizliyinə və ictimai etimadın möhkəmlənməsinə xidmət edən müsbət tendensiyanın şahidi olarıq.

Hörmətli xanım Səfir!

Sizin mandatınız çərçivəsində məsələni diqqətdə saxlamanız, Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı kontekstində media azadlıqları üzrə dialoqa bu faktların da daxil edilməsini və prosesin şəffaf monitorinqini xahiş edirik.

Hörmətlə,

“Hurriyyet TV” Redaksiyası”.

Hurriyyet.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
hurriyyet.az

2Sources