EN

Makronun Çinə dövlət səfəri: Ukrayna müharibəsi, Fransa ilə ticarət və Aİ ilə münasibətlərdə yeni səhifə

Paris, 4 dekabr, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makron dekabrın 5-dək Çində dövlət səfərindədir. Bu, onun 2017-ci ildə Yelisey Sarayına gəlişindən bəri dördüncü Çin səfəridir.

AZƏRTAC xəbər verir ki, Fransa Prezidenti Pekində və ölkənin qərb-mərkəzində yerləşən Siçuan əyalətinin paytaxtı Çendu şəhərində bir sıra siyasi və iqtisadi görüşlər keçirəcək. Səfər həm ikitərəfli münasibətlər, həm də qlobal geosiyasi proseslər baxımından mühüm əhəmiyyət daşıyır.

E.Makronun səfərinin əsas mövzularından biri Ukrayna müharibəsidir. Fransa lideri Çinin Rusiya üzərində təsir imkanlarından istifadə edilərək, Moskvanın mümkün qədər tez atəşkəsə razı salınmasını istəyir. Yelisey Sarayı bildirir ki, Ukrayna məsələsində bir-birimizi daha yaxşı başa düşməyə və davamlı sülhə nail olmaq üçün daha sıx əməkdaşlığa ehtiyac var.

Qərb paytaxtları Çini Rusiyaya iqtisadi və texnoloji dəstək verməkdə ittiham edir. Finlandiyanın müdafiə naziri noyabr ayında Pekinin Rusiya müdafiə sənayesi ilə əməkdaşlıq etdiyini açıqlamışdı. Ukrayna Prezidenti Volodimir Zelenski də bəzi Çin vətəndaşlarının Rusiya tərəfindən muzdlu döyüşçü kimi cəlb olunduğunu bildirmişdi.

Fransanın xarici işlər naziri Jan-Noel Barro da Çinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Moskva üzərində təsir gücünü istifadə edəcəyinə ümidvar olduğunu söyləyib.

Fransa-Çin ticarətində “tarazlıq” axtarışı

Qeyd edilir ki, Makronun səfərinin ikinci böyük mövzusu ticarət və investisiyalar olacaq. Fransanın Çindəki investisiya portfeli 46 milyard avro olduğu halda, Çin şirkətlərinin Fransaya yatırdığı sərmayə cəmi 12 milyard avrodur. Paris bu qeyri-tarazlığı azaltmaq niyyətindədir.

Fransa xüsusilə yaşıl enerji və ekoloji keçid, davamlı nəqliyyat, batareya istehsalı, Günəş enerjisi texnologiyaları sahələrində Çin investisiyalarını cəlb etmək istəyir. Makronun səfərində 35 iri fransız şirkətinin rəhbəri də iştirak edir. Onlar enerji, qida sənayesi, dəbdəbəli brend məhsullar və aviasiya kimi sektorları təmsil edirlər. “Airbus” üçün böyük həcmdə yeni sifarişlərin gözlənildiyi bildirilir. Fransa tərəfi həm də Avropada müəyyən narahatlıq doğuran “Shein” kimi platformaların qanunvericiliyə uyğun fəaliyyət göstərməsinin vacibliyini Pekinə bir daha çatdıracaq.

Aİ ilə Çin arasındakı gərginliklər və Makronun missiyası

E.Makronun səfəri ikitərəfli mahiyyətdə olsa da, Fransanın Çinlə münasibətlərində Avropa İttifaqının (Aİ) rolu xüsusi vurğulanır. Aİ ilə Çin arasında 307 milyard avroluq böyük ticarət kəsiri var və Brüssel Pekini müxtəlif sahələrdə - xüsusilə elektrik avtomobilləri və polad istehsalında - ədalətsiz rəqabətdə ittiham edir.

Aİ, həmçinin nadir torpaqlar bazarında Çinin dominant mövqeyindən iqtisadi təzyiq aləti kimi istifadə etməsindən narahatdır. Paris hesab edir ki, Avropa sənayesini qorumaq üçün ədalətli rəqabət qaydaları bərpa edilməlidir.

Çinin xarici işlər naziri Van Yi isə Makronun səfərinin Çin-Aİ münasibətlərinin sağlam inkişafına təkan verəcəyinə ümid etdiklərini bildirib.

Yelisey Sarayı bildirir ki, Çin 30 illik qlobal ticarət inteqrasiyası nəticəsində yüksək texnoloji potensiala malikdir və bu texnologiyalar etibarlı tərəfdaşlarla, o cümlədən Avropa ölkələri ilə daha geniş şəkildə bölüşülə bilər.

Makron bu səfərlə həm Fransanın, həm də Aİ-nin Çinlə münasibətlərini yenidən balanslaşdırmağa, ticarət axınlarında daha ədalətli şərtlərə nail olmağa və Ukrayna münaqişəsində diplomatik çıxış yollarını irəli sürməyə çalışır.

Chosen
58
azertag.az

1Sources