EN

Bu ilin 9 ayı ərzində 7 minədək şəxs ümumiyyətlə aliment ödəməkdən yayınıb - AÇIQLAMA

Vəkil: Alimentdən yayınan şəxsləri inzibati və cinayət məsuliyyəti gözləyir

Bakı, 4 dekabr, Pərvanə Qafarova, AZƏRTAC

2025-ci ilin 9 ayı ərzində 7 minədək şəxs ümumiyyətlə aliment ödəməkdən yayınıb.

Bu barədə Ədliyyə Nazirliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ilin 9 ayı ərzində aliment öhdəliklərini tam və ya qismən icra etməkdən yayındığına görə 7284 şəxsin axtarılması barədə qərar qəbul edilib. Ümumilikdə, bu ilin 9 ayı ərzində 1563 şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 3141 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib (onlardan 2203-ü təmin olunub, o cümlədən 1720 şəxs barəsində inzibati həbs tətbiq edilib), 212 şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi barədə Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat verilib.

“Məhkəmə aliment tutulması haqqında qətnamə qəbul etdikdən sonra onu dərhal icraya yönəldir. Cavabdehin qeydiyyat yeri və yaxud iş yeri üzrə həmin qərarı almış icra məmuru icraata başlamaq haqqında qərar qəbul edərək alimenti ödəməli olan şəxsə könüllü ödəmə barədə bildiriş göndərir. Şəxs alimenti könüllü ödəməzsə bundan sonra, icra məmuru aliment pulunun tutulması üçün cavabdehin iş yerinə müvafiq qərar göndərir”, - bu fikirləri isə AZƏRTAC-a açıqlamasında Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Gülnar Qulizadə deyib.

“Həmin qərara əsasən cavadehin iş yeri üzrə mühasib hər ay aliment məbləğini cavabdehin gəlirlərindən tutaraq aliment alanın bank hesabına köçürür (aliment alanın bank hesabı olmadıqda icra şöbəsinin hesabına). Cavabdehin iş yeri və rəsmi gəliri olmadıqda məhkəmə alimentin sabit pul məbləğində tutulması haqqında qətnamə qəbul edir. Daha sonra, aliment ödəməli olan şəxs hər ay qətnamədə müəyyən edilmiş alimenti tələbkara ödəməli və ödəməni təsdiq edən sənədi (bank qəbzi, poçt qəbzi və yaxud əllə yazılmış qəbz) işə baxan icra məmuruna təqdim etməlidir.

Bəs aliment ödənilmədiyi təqdirdə şəxs nə kimi məsuliyyət daşıyır?

Vəkil Gülnar Quluzadə bildirib ki, şəxs alimentin ödənilməsi barədə qərarı icra etməzsə, ilk növbədə tələb onun əmlakına yönəlir. “Yəni, şəxsin adına hər hansı bir daşınar və ya daşınmaz əmlak varsa, onun üzərinə həbs qoyulur. İlkin olaraq üzərinə həbs qoyulmuş əmlak borc məbləğinə uyğun olaraq alimentin yerinə tələbkara təqdim edilir. Tələbkar əmlakı qəbul etməkdən imtina etdiyi təqdirdə isə həmin əmlak hərracda satılır və əldə olunmuş vəsait alimentin əvəzinə tələbkara verilir.

Şəxsin aliment pulunun yönəldilə biləcəyi əmlakı olmadıqda isə icra məmuru şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün məhkəməyə göndərir.

Əgər məhkəmə şəxsi bu maddəyə əsasən təqsirli bilərsə, onda şəxs 500 manatdan 1000 manatadək cərimə və yaxud 10 gündən 30 günədək inzibati həbs oluna bilər.

Həmçinin aliment ödəməyən şəxsin borcu əhəmiyyətli dərəcədə olduqda icra məmuru onun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında məhkəməyə müraciət edir və nəticədə məhkəmə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edə bilər.

Əgər bütün məcburi icra tədbirlərinin nəticəsi olmazsa, aliment ödəməli olan şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilir”, - deyə Gülnar Quluzadə vurğulayıb.

Vəkil diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayı ərzində 36 332 nikah və 15 480 boşanma halları qeydə alınıb, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb. Boşanmaların sayının azalmasına baxmayaraq, aliment ödəməyənlərin sayında artım müşahidə olunur.

 

Chosen
23
1
azertag.az

2Sources