EN

"Ədliyyə Nazirliyi 200-dən çox gənci könüllü fəaliyyətə cəlb edib" - Nazir müavini

“Ölkəmizdə Könüllülər Gününün geniş şəkildə qeyd olunması Azərbaycan gəncliyinə göstərilən yüksək diqqətin və dövlətimizin gənclər siyasətinə verdiyi önəmin bariz nümunəsidir. Həmrəylik ideyası cəmiyyətimizin əsas dayaq nöqtələrindən biridir və könüllülər bu dəyərin ən fədakar daşıyıcılarıdır”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Toğrul Hüseynov “Konstitusiya və Suverenlik İli”nə həsr olunan VIII Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda çıxışı zamanı səsləndirib.

Nazir müavini qeyd edib ki, Konstitusiyamızda vətəndaşların cəmiyyətə töhfəsi, sosial ədalət və həmrəylik prinsipləri əsas dəyərlər kimi təsbit olunub və Azərbaycan könüllüləri bu dəyərləri gündəlik fəaliyyətlərində uğurla həyata keçirirlər: “Könüllülər bu dəyərlərin yaşadılmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayırlar. Mən hər birinizə bu şərəfli yolda uğurlar arzulayıram”.

Toğrul Hüseynov bildirib ki, Ədliyyə Nazirliyində könüllülük fəaliyyəti geniş miqyas alıb və “Ədliyyə Könüllüləri” hərəkatı gənclərin hüquqi biliklərinin artırılmasına, onların dövlət idarəçiliyində fəal iştirakına mühüm töhfə verir: “Hərəkatın fəal üzvlərinin təşəbbüsü ilə ‘Ədliyyə Könüllüləri’ İctimai Birliyi təsis olunub. Eyni zamanda ‘Könüllü Təcrübə Proqramı’ artıq 15 müxtəlif istiqamət üzrə həyata keçirilir və 200-dən çox gənci əhatə edəcək”.

Nazir müavini vurğulayıb ki, bu proqram çərçivəsində probasiya, məhkəmə, notariat, icra, normayaratma fəaliyyəti, insan hüquqları və penitensiar sahə kimi mühüm istiqamətlər üzrə könüllülərin fəaliyyətindən geniş istifadə olunur.

O, həmçinin regionlarda həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi qeyd edib: “Lənkəranda birinci "LexCamp", Gəncədə ikinci "LexCamp", layihələri, Naxçıvanda arbitraj istiqaməti üzrə simulyasiya tədbirləri gənclərin hüquq sahəsində formalaşması baxımından mühüm rol oynayır”.

Sonda Toğrul Hüseynov Ədliyyə Nazirliyinin gənclərin inkişafına daim dəstək verdiyini bildirib: “Könüllülərimizin bilik və bacarıqlarının inkişafı, onların dövlət qurumlarında gələcək fəaliyyətinin təmin olunması əsas məqsədlərimizdəndir. Ədliyyə Nazirliyi olaraq biz bundan sonra da gənclərin yanında olacağıq və onların hər bir təşəbbüsünə dəstək verməyə hazırıq”.

Müəllif: Günel Fərzəliyeva
Chosen
18
1
sia.az

2Sources