EN

“Könüllülərin 22-27%-i fəaliyyət sonrası dövlət qurumlarında işlə təmin olunur” - Fərhad Hacıyev

“2014-cü ildə Azərbaycan dövləti və Cənab Prezidentin himayəsi altında yeni nəsil formalaşdırıldı. Bu nəsil vətən borcunu yerinə yetirdi – torpaqlarımızı işğaldan azad etdi və bu gün ölkəmizin inkişafı üçün əlindən gələni əsirgəmir. Bu, çox tarixi bir missiyadır və mən Nazirlik adından sizə təşəkkürümü bildirirəm”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Fərhad Hacıyev “Konstitusiya və Suverenlik İli”nə həsr olunan VIII Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda çıxışı zamanı səsləndirib.

Nazir müavini bildirib ki, Azərbaycanda könüllülük hərəkatının tarixi 1999-cu ildən başlanıb: “O vaxt cəmi 100-150 nəfərlik könüllü qrupu BMT-nin proqramları çərçivəsində fəaliyyət göstərirdi. Bu gün isə 10 minlərlə gənc müxtəlif tədbirlərdə fəal iştirak edir. Avroviziya, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Şahmat Olimpiadası, Formula 1 kimi beynəlxalq tədbirlərdə gənclərimizin fəaliyyəti hər kəs üçün örnəkdir. Məsələn, Avropa Oyunları zamanı 15 mindən çox müraciət daxil olmuş və 15 min gənc seçilərək birbaşa oyunların təşkilində iştirak etmişdi”.

Fərhad Hacıyev əlavə edib ki, Cənab Prezidentin gənclərə xüsusi diqqəti nəticəsində bir çox dövlət qurumları yaradılıb: “Gənclər Fondu, Gənclər Elmi Fondu, QHT-lərə Dəstək Agentliyi və innovasiyalara dəstək proqramları gənclərin inkişafına, təşəbbüslərinə dəstək göstərir və dövlətin gənclərin yanında olduğunu təsdiqləyir”.

Nazir müavini vurğulayıb ki, könüllülər fəaliyyətləri ilə dövlət qurumlarında, beynəlxalq tədbirlərdə və sosial layihələrdə aktiv iştirak edirlər: “Statistik göstəricilər göstərir ki, könüllülük fəaliyyətinə cəlb olunmuş gənclərin 22-27%-i sonradan ya həmin qurumda, ya da digər qurumlarda işlə təmin olunur. Bu da gənclər üçün həm bir təcrübə, həm də karyera fürsətidir”.

Fərhad Hacıyev forum iştirakçılarını 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edərək, gənclərə uğurlar arzulayıb: “Könüllü sözünün kökündə ‘könül’ dayanır və siz bu işi həmişə könüldən görürsünüz. Dövlətin gələcəyində rolunuz və fəaliyyətiniz əvəzolunmazdır”.

Müəllif: Günel Fərzəliyeva
Chosen
22
1
sia.az

2Sources