EN

Nazirlik rəsmisi: Gələn il Azərbaycanda süni intellekt və robotexnika sahəsində çempionatın keçirilməsi planlaşdırılır

Bakı, 4 dekabr, Günel Türksoy, AZƏRTAC

2026-cı ildə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Gənclər Həftəsinə start veriləcək. Bununla bağlı xüsusi proqram hazırlanıb, gənclərimiz paytaxt və regionlarda, xüsusən də Qarabağda keçiriləcək tədbir, festival və forumlarda iştirak edəcəklər.

Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova deyib.

Onun sözlərinə görə, Gənclər Həftəsinin məqsədi gənclər arasında milli-mənəvi dəyərlərin, dövlətçilik irsinin və vətəndaş məsuliyyətinin gücləndirilməsi, onların ictimai həyatda fəal iştirakının təşviqi və gənclərin intellektual, sosial və yaradıcılıq potensialının inkişafına dəstək göstərilməsidir. Həftə çərçivəsində həyata keçirilən proqramlar gənclərin birlik, həmrəylik və milli kimlik duyğularının möhkəmləndirilməsini hədəfləyir. Bundan əlavə, Gənclər evlərində könüllülük proqramlarının genişləndirilməsi planlaşdırılır.

Ü.Axundova bildirib ki, könüllülərin il ərzində fəaliyyətinin təkmilləşdirilməsi üçün onların Qarabağda fəaliyyətlərinə üstünlük veriləcək: “Nazirliyin “Könlüm Qarabağda, könlüm Şərqi Zəngəzurda” proqramı var. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə müvafiq xüsusi nümayəndəliklərinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən "Qayıdış Könüllüləri" Proqramı uğurla icra olunur, minlərlə gənci əhatə edir. Bu proqram vasitəsilə gənclər qeydiyyatdan keçirlər və öz rayonlarına köç prosesində fəal iştirak edir, inkişaf proqramına, tədbirlərə qoşulurlar. Bu proqramın əhatə dairəsinin daha da artırılması nəzərdə tutulur”.

Nazirlik rəsmisi qeyd edib ki, könüllülük proqramlarının hər birinin qeydiyyatı fərdidir. Hər il bu proqrama qoşulanların sayı artmaqda davam edir. Ümumilikdə, 2025-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən beynəlxalq tədbirlərdə 1000-dən çox gənc iştirak edib. Onların çoxu Qarabağda keçirilən beynəlxalq tədbirlərin iştirakçısı olub.

2026-cı ildə Goranboy şəhərinin Gənclər paytaxtı seçildiyini xatırladan Ü.Axundova əlavə edib ki, layihə çərçivəsində istər gənclərimiz, istərsə də könüllülərimiz üçün müxtəlif fəaliyyətlər keçiriləcək. İl ərzində Goranboya müxtəlif bölgələrdən səfərlər təşkil olunacaq.

“Gələn il ölkəmizdə ilk Gənclər Forumunun keçirilməsinin 30 ili də tamam olur. Xatırladım ki, 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə birinci forum keçirilmişdi. Bu istiqamətdə ənənəvi Gənclər Forumu ilə bağlı hazırlıq gedir. İnanırıq ki, gənclərimiz bu tədbirlərin hər birində fəal olacaqlar.

Gənclər və İdman Nazirliyi gələn il üçün həmçinin innovativ layihələrə xüsusi diqqət ayırıb. Belə ki, 2026-cı ildə süni intellekt və robotexnika sahəsində böyük bir çempionatın keçirilməsi planlaşdırılır. Bu çempionata hazırlıq işləri davam edir", -deyə nazirlik rəsmisi vurğulayıb.

 

Chosen
37
1
azertag.az

2Sources