EN

Qırğızıstanlı professor: Akademik Yusif Məmmədəliyevin elmi irsi məndə böyük təəssürat yaratdı

Bakı, 4 dekabr, AZƏRTAC

Azərbaycanın akademik Yusif Məmmədəliyev kimi görkəmli bir aliminin olması və bütün bu məşhur ixtiraların onun tərəfindən icad edilməsi məni inanılmaz dərəcədə təsirləndirdi. Xüsusən “Molotov kokteyli” ilə bağlı ixtira məndə böyük təəssürat yaratdı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qırğız Respublikası Elmlər Akademiyasının Kimya və Fitotexnologiya İnstitutunun rəhbəri kimya elmləri doktoru, professor Sulxan Cumanazarova söyləyib.

Konfransın yüksək səviyyədə təşkil olunduğunu qeyd edən professor, azərbaycanlı alimin elmi irsinin gələcək nəsillər üçün əhəmiyyətini bir daha vurğulayıb.

“Biz yaxın xalqlarıq. Belə alimlərin olması böyük şansdır. Tarixən Azərbaycanda neft kimi strateji sərvətin mövcudluğu çox mühümdür və bu, həm ölkənin, həm də elmin inkişafında əhəmiyyətli rol oynayıb. Fikrimcə, hər bir ölkənin elə fövqəladə sərvəti var ki, onu inkişaf etdirməklə yalnız respublikanın deyil, bütün dünyanın xəzinəsinə çevirmək mümkündür. Sizin ölkənizdə də məhz belə olub”, - deyə müsahibimiz bildirib.

Professor Sulxan Cumanazarova, həmçinin Bakı şəhəri ilə bağlı təəssüratlarını bölüşüb: “Bakı məndə həqiqətən inanılmaz təsir oyatdı. Möhtəşəm bir şəhərdir. Xüsusilə təsir edən məqam isə qədim tarixi abidələrin qorunub saxlanılmasıdır. Bu, Azərbaycana ilk səfərimdir və gördüklərim məni çox təsirləndirdi. Vaxt tapıb şəhərinizdə gəzərək hər şeyi görmək, fotoşəkillər çəkmək və bütün bu gözəllikləri yaddaşımda saxlamaq istəyirəm. Müasirliklə qədimliyin vəhdəti şəhərin ən böyük üstünlüklərindən biridir. Çünki yalnız tarixə və köklərə bağlı qaldıqda, onları qoruduqda bu, gələcək inkişaf üçün möhkəm təməl yarada bilər”.

Chosen
139
azertag.az

1Sources