Azərbaycanlı gənc Rusiyanın ən yaxşı cərrahı seçildi
Hər bir azərbaycanlı üçün dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq uğur qazanmaq, peşəsinin zirvəsinə yüksəlmək həm şəxsi nailiyyət, həm də xalqımız üçün qürurverici hadisədir.
Bu dəfə sevindirici xəbər Rusiyadan gəldi. Gənc həmyerlimiz öz peşəkarlığı və əzmkarlığı ilə ölkənin ən yüksək tibbi mükafatlarından birinə layiq görülüb. Cərrah-uroloq Rahim Baxşiyev ProDoctorov platformasının ənənəvi ümumrusiya mükafatında “Rusiyanın ən yaxşı cərrahı” nominasiyasının qalibi olub.
Məlumat üçün bildirək ki, Baxşiyev Rahim Vahid oğlu 1988-ci il fevralın 10-da Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub.
1995-ci ildə ailəsi ilə birlikdə Rusiyaya köçüb və burada təhsilini davam etdirərək gələcək peşə yolunu seçib.
2010-cu ildə İvanovo Dövlət Tibb Akademiyasını bitirən Rahim 2010-2012-ci illərdə cərrahiyyə üzrə ordinaturanı tamamlayıb.
O, 2008-2012-ci illərdə Azərbaycan Gənclər Təşkilatının Rusiyanın İvanovo vilayəti üzrə sədri olub. Bu qurum (AMOR) ümumrusiya təşkilatının regional bölməsidir və həmin təşkilata Azərbaycanın ictimai xadimi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva rəhbərlik edir. 2009-cu ildə Rahim Baxşiyev “Gənclər ictimai birliyinin lideri” nominasiyası üzrə Rusiya Federasiyası Prezidentinin mükafatına layiq görülüb.
O, işlədiyi tibb müəssisələrində həmişə peşəkar fəaliyyəti llə fərqlənməyi bacarıb.
Belə ki, Yujsk Mərkəzi Rayon Xəstəxanasında (2013-2014) cərrah, Lejnevsk Mərkəzi Rayon Xəstəxanasında (2014-2019) cərrahiyyə şöbəsinin müdiri, 7 nömrəli Şəhər Klinik Xəstəxanasında (2019-2022) cərrah kimi çalışan R.Baxşiyev 2022-ci ildən “Life” Tibb Klinikasınını cərrah və uroloqudur.
2022-ci ildə Krasnodar şəhərinə köçən Rahim şəhərin bir neçə səhiyyə ocağında tibbi fəaliyyətini davam etdirir.
37 yaşlı həmyerlimiz 2025-ci ildə ənənəvi ProDoctorov ümumrusiya mükafatında “Rusiyanın ən yaxşı cərrahı” nominasiyasının qalibi olub. Mükafatın nəticələri Soçi şəhərində keçirilən təntənəli tədbirdə elan edilib.
Əlavə edim ki, Rahimin atası Vahid Lətif oğlu və ixtisasca hüquqşünas olan qardaşı Ramil fərdi sahibkarlıqla məşğuldurlar. Anası Nətəvan xanım evdar qadındır.
R.Baxşiyev ailəlidir, iki övladı var. Xatırladaq ki, Rahim Rusiyada çalışan iş adamı, İvanov vilayəti Yuja rayonunun fəxri vətəndaşı və deputatı, həmyerlimiz Əlizamin Əməşovun kürəkənidir.
Yaşadığı regionun ən tanınmış mütəxəssislərindən biri olan Rahim Baxşiyev bu gün tibbi fəaliyyətini uğurla davam etdirir və peşəkar sahədə yeni istiqamətlərin inkişafına töhfə verir.
Gənc həmyerlimizin qazandığı bu uğur həm şəxsi nailiyyət, həm də xalqımız üçün qürurverici hadisədir. Ona gələcək fəaliyyətində daha böyük nailiyyətlər, sağlam can, uğurlu əməliyyatlar və davamlı yüksəliş arzulayırıq.
Akif AĞAYEV.