EN

“Avropa Birliyində işəgötürmə, xüsusilə işdən azadetmə prosesi sahibkarlar üçün olduqca ciddi və mürəkkəbdir”

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanda işçilərin işdən azad olunması qaydalarına dəyişiklik edilir. Banker.az xəbər verir ki, bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub. Dəyişikliyə əsasən, icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə işçinin əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə o, işdən azad edilə bilər. Həmçinin, işçi müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda və əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik törətdikdə də işdən azad edilə biləcək. Bununla bərabər, işçinin işdən kənarlaşdırıldığı müddət hər bir konkret halın xarakterinə, işçinin işdən kənarlaşdırıldığı müddətdə həmin halın aradan qalxmasına və ya davam etməsi ondan asılı olan hallarla bağlı işçinin etdiyi hərəkətlərə (hərəkətsizliklərə) uyğun olaraq işəgötürən tərəfindən müəyyən edilir. İşəgötürən işçinin işdən kənarlaşdırılması barədə əmrini (sərəncamını, qərarını) vaxtından əvvəl ləğv edə biləcək.Yeni dəyişikliklər işçilərin hüquqlarının zəifləməsinə səbəb ola bilərmi?İşdən kənarlaşdırılma müddətinin işəgötürən tərəfindən müəyyən olunması sui-istifadə hallarına yol aça bilərmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına iqtisadçı Rəşad Həsənov bildirib ki, ABŞ modeli işəgötürənləri daha çox müdafiə edən və əmək bazarına daxilolma və çıxma şərtlərini daha az tənzimləyən sistemə malikdir.

Rəşad Həsənov

“Əmək münasibətlərinin hansı formada tənzimlənməsi, o cümlədən daha liberal və işəgötürənin maraqlarını təmin edən hüquqi çərçivələrin formalaşdırılması və yaxud daha sərt və işçinin hüquqları aspektindən müdafiə edici hüquqi çərçivələrin formalaşdırılması məsələsi davamlı olaraq qərar qəbuledicilərin, iqtisadçıların, ekspertlərin bu sahə üzrə müzakirə mövzusudur. Bununla bağlı müxtəlif mövqelər vardır. Sosial sol meyilli baxışlar daha çox təbii ki, işəgötürənlərin hüquqlarının əmək münasibətləri çərçivəsində daha önə çıxması və daha sərt şəkildə müdafiə olunmasını dəstəkləyirlər. Amma sağ meyillər bu istiqamətdə nisbətən daha liberal qaydaların tətbiq edilməsi və işəgötürənlərin də maraqlarının nəzərə alınmasını dəstəkləyirlər. Burda iki müxtəlif nümunə üzərindən məsələyə baxmaq olar. Avropa Birliyi kimi sol meyilli və işçiləri sərt şəkildə müdafiə edən ölkələrdə əmək münasibətlərinin hüquqi çərçivəsi işəgötürənlər üçün ciddi tələblər müəyyən edir. Bunun əksinə olaraq, ABŞ modeli isə işəgötürənləri daha çox müdafiə edən və əmək bazarına daxilolma və çıxma şərtlərini daha az tənzimləyən sistemə malikdir. Bu modeldə işə qəbul və işdən çıxarma prosesləri daha çevik tənzimlənir, işçinin hüquqları isə nisbətən daha az qorunur.

Qiymətləndirmələr göstərir ki, qanunvericiliyin nisbətən daha liberal olması - yəni minimum tələblərin qorunması şərti ilə - əmək bazarında dinamikanı artırır və işsizlik səviyyəsini aşağı salır. Çünki belə şəraitdə işəgötürənlər yeni işçiləri işə götürməkdən çəkinmirlər. Layihələr uğursuz olduqda, gəlirlər azaldıqda və ya mövsümi faktorlar ortaya çıxdıqda işdən azad etmə prosesi daha sadə və az məsuliyyətli olduğu üçün qərarlar daha tez verilir. Bu da əmək bazarında çevikliyi artırır və nəticədə işsizlik səviyyəsinin azalmasına səbəb olur.

Avropa Birliyində isə vəziyyət fərqlidir. Ümumiyyətlə orada işəgötürmə, xüsusilə də işdən azad etmə prosesi sahibkarlar üçün olduqca ciddi və mürəkkəbdir. Sərt qanunvericilik tələbləri, əsaslandırma zərurəti, yüksək təzminat öhdəlikləri mövcuddur. Bu səbəbdən Avropa ölkələrində sahibkarların işə qəbulda daha ehtiyatlı və konservativ davranışı müşahidə olunur.

Nəticə etibarilə, bu amillər əmək bazarına daxilolma şərtlərini çətinləşdirir və işsizlik səviyyəsinin daha yüksək olmasına səbəb olur. Bu aspektdən məsələyə yanaşmış olsaq, indiki şərtlər daxilində təbii ki, işçini özünün hərəkəti və hərəkətsizliyi tələblərə cavab verməməsi, yaxud fəaliyyət sahəsinin spesifikasiyasına uyğun olaraq əmək qabiliyyətindən irəli gələn məsələləri təmin edə bilməməsi, əmək qabiliyyətini itirməsi, peşə bacarıqlarını artırması ilə əlaqədar zəruri tələbləri yerinə yetirməməsi və sair hallarda işdən çıxarma şərtlərinin yumşaldılması işəgötürənin müdafiəsi aspektindən və eyni zamanda işəqəbul sayının artması aspektindən daha məqsədəuyğun yanaşma kimi görünməkdədir və təcrübədən yola çıxaraq bu yanaşmanı müdafiə etmək olar. Amma bu yanaşma sui-istifadə hallarına gətirib çıxarmamalıdır. Yəni işçi də başa düşməlidir ki, o, fəaliyyət göstərdiyi sahədə əlavə dəyərin yaradılmasında iştirak etməlidir. Ümumi kollektiv işlərin ardıcıllığının təmin etməsində öz töhfəsini verə bilməlidir. Üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirə bilməlidir, əks halda proses pozulur və bu əlbəttə ki, bazar iqtisadiyyatı şərtləri daxilində biznesin davamlılığına, sahibkarların gəlirinə, biznesin mənfəət normasına təsir göstərən birbaşa faktordur. Bu halda sahibkarın özünün inisiativ alması, qərar qəbul etməsi şərtləri daha liberal çərçivələrlə müəyyən edilməlidir. Bu daha ədalətli görünür. Burda bir tərəfdən qanunvericilik işçinin üzərində məsuliyyəti olma tələbi formalaşdırır. Digər tərəfdən eyni zamanda düşünürəm ki, təkcə qanunvericiliyin müvafiq istiqamətdə təkmilləşdirilməsi deyil, eyni zamanda tənzimləmə və nəzarətin təşkili ilə əlaqədar və bu istiqamətdə yarana biləcək sui-istifadə hallarının qarşısını almaqla əlaqədar ciddi tədbirlər görülməldir. Xüsusilə, əmək münasibətlərinin işçinin zərərinə pozulması halları ilə bağlı düşünürəm ki, halların qarşısının alınması ilə bağlı sərt paralel olaraq qaydalar da müəyyən olunmalıdır ki, sahibkar da yaranmış vəziyyətdən sui-istifadə etməsin”,-deyə Rəşad Həsənov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
icma.az

1Sources