“Sumqayıt” Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Difai”ni 3:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
Msport.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb:
– Bu mərhələni keçmək çox vacib idi. Amma qənaətbəxş oyun göstərmədik. Çoxlu səhvlər etdik. Çempionatda belə oynamaq olmaz.
– Gənc futbolçular özlərini yaxşı tərəfdən göstərə bilmədilər. Bu barədə nə deyə bilərsiniz?
– Mən gənc oyunçuların tərəfindəyəm. Düzdür, bəzi səhvlər oldu. Onların potensialları var. Hər birinə güvənirəm. İnanıram ki, gələcəkdə nəticəsi olacaq. Səhvlərin olması normaldır.
– İntizam Komitəsi sizə 4 oyunluq cəza verdi. Buna münasibətiniz necədir?
– Məncə, çox ağır qərardır. Çünki heç kimi öldürməmişəm. Düşünürəm ki, iki oyunluq cəza kifayət edərdi.
– Ayxan Abbasovla mübahisənizin səbəbi nə idi?
– Çox emosional oyun keçmişdi. Bəzi sözləri serb dilində dedim. Sözlərim heç kimə ünvanlanmışdı. Oyundan sonra “Şamaxı”nın baş məşqçisi ilə görüşdüm və bu məsələni həll etdik.