EN

Dövlət vəsaitinin idarə olunması: Fransızlar hökumətin pis idarəçi olduğunu düşünür

Paris, 4 dekabr, AZƏRTAC

Fransada aparılan yeni sorğu göstərir ki, vətəndaşların böyük əksəriyyəti dövlət vəsaitinin necə xərclənməsindən narazıdır. Parlament üzvləri 2026-cı il üçün büdcə müzakirələrini davam etdirdiyi bir vaxtda, Elabe İnstitutu tərəfindən BFMTV üçün keçirilən sorğu Fransada fiskal narazılığın dərinliyini ortaya qoyur.

AZƏRTAC xəbər verir ki, sorğunun nəticələrinə görə, fransızların 87 faizi dövlət xərcləmələrinin pis idarə olunduğunu deyir.

Fransızların 87%-i hesab edir ki, dövlət vəsaiti ya pis, ya da çox pis istifadə olunur. Daha narahatedici göstərici isə budur ki, respondentlərin 59%-i vergi sisteminə verdiklərindən daha az geri aldıqlarını düşünür. Bu isə ölkədə fiskal etimadın sarsıldığını göstərir.

Dövlət xidmətlərinin keyfiyyəti ilə bağlı narazılıqlar da böyükdür. Respondentlərin 68%-i ədliyyə sistemindən, 58%-i yolların vəziyyətindən, 57%-i dövlət xəstəxanalarından, 55%-i inzibati xidmətlərdən, 51%-i dövlət məktəblərindən narazıdır.

Fransızlar dövlət xərclərinin daha düzgün bölüşdürülməsini istəyirlər. Sorğuya görə, fransızların 78%-i səhiyyəni, 66%-i təhlükəsizliyi, 63%-i təhsili, 57%-i ədliyyəni, 53%-i isə pensiyanı ən vacib sahələr kimi görür.

Respondentlər bu sahələrdə daha çox investisiya edilməsini arzulayırlar. Bundan əlavə, son illərdə müdafiə büdcəsinə (+23 bənd 2019-dan bəri) və təhlükəsizlik xərclərinə (+15 bənd) dəstək artdığı görünür.

Fransızların əksəriyyəti dövlət büdcəsinin limitsiz olmadığını anlayır və bəzi xərclərin azaldıla biləcəyini düşünür. Xüsusilə də 77% məsləhətçi şirkətlərə ayrılan vəsaitlərin azaldılmasını, 75% dövlət idarəetməsinin ümumi xərclərinin azaldılmasını istəyir.

Respondentlər, həmçinin keçmiş siyasətçilərin imtiyazlarında və administrativ israfçılıqda ciddi qənaət edilə biləcəyini düşünürlər. Bununla belə, onlar dövlət qurumlarının əsas xidmətlərinin və infrastrukturun maliyyəsinə toxunmaq istəmirlər.

Sorğu Fransada dövlətin vəsaiti idarə etmək qabiliyyətinə dair etimadın ciddi şəkildə sarsıldığını göstərir. Vətəndaşlar həm daha şəffaf və effektiv büdcə idarəçiliyi, həm də prioritet sahələrə - xüsusən səhiyyə və təhlükəsizliyə - daha çox sərmayə qoyulmasını tələb edirlər.

Chosen
100
azertag.az

1Sources