EN

Bacısını öldürməyə cəhd edən şəxs barədə hökm dəyişdirildi – TƏFƏRRÜAT

BAKI, 5 dekabr. TELEQRAF

Goranboy rayonunda bacısını kəsici alətlə qətlə yetirməyə cəhd etməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Samir Nəcəfov barəsində çıxarılan hökm dəyişdirilib. İş üzrə apellyasiya instansiyasında yeni qərar elan olunub.

Teleqraf xəbər verir ki, hadisə 2025-ci il mayın 31-də Goranboyun Nizami kəndində baş verib. Münaqişə zəminində qardaşı tərəfindən bıçaqlanan 1987-ci il təvəllüdlü Günel Nəcəfova boğaz nahiyəsindən aldığı ağır xəsarətlə xəstəxanaya çatdırılıb və vaxtında edilən tibbi müdaxilə nəticəsində həyatı xilas edilib.

İstintaqla müəyyən edilib ki, Samir Nəcəfov bacısının həmkəndlisi ilə münasibətdə olduğu və hamilə qaldığı barədə məlumat aldıqdan sonra onu öldürmək qərarına gəlib. O, bacısının evinin həyətində gizlənib, anası və uşağın evdən çıxdığını görərək bacısının tək qaldığına əmin olub.

S.Nəcəfov mətbəxdən bıçaq götürərək bacısının yatdığı otağa girib və ona əvvəlcə sol çiyninə bir zərbə endirib. Sonra xüsusi amansızlıq göstərərək onun boğazına iki ardıcıl bıçaq zərbəsi vurub. Zərərçəkmiş qaçmağa cəhd etsə də, o, həyətə çıxaraq bacısını təqib etmiş, yerə yıxaraq boğazını sıxmaqla öldürməyə cəhd edib.

Bacısının öldüyünü zənn edən Samir Nəcəfov DİN-in “102” xidmətinə zəng edərək hadisəni etiraf etmiş, lakin təcili yardımın vaxtında müdaxiləsi ilə qadının həyatı xilas olunub.

Samir Nəcəfov barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd (xüsusi amansızlıqla), 29, 120.2.8-ci (hamilə qadını qəsdən öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

S.Nəcəfov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. O, əməlindən peşman olduğunu, II Qarabağ müharibəsində iştirak etdiyini, ailə vəziyyətinin ağır olduğunu və bacısının onu bağışladığını bildirib.

Məhkəmə iclasında iştirak edən zərərçəkmiş Günel Nəcəfova da qardaşını bağışladığını, şikayət və tələbinin olmadığını qeyd edib və onun azadlığa buraxılmasını xahiş edib.

Apellyasiya instansiyası hökmü qismən dəyişdirib. Qərara əsasən Samir Nəcəfovun cəzası 11 il 3 aya endirilib. Hökmün digər hissələri dəyişdirilmədən saxlanılıb.

Chosen
18
teleqraf.com

1Sources