Qaradağ rayonunda yaşayış binasında güclü yanğın olub.
Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinə ustinadla xəbər verir ki, yanğın Lökbatan qəsəbəsində qeydə alınıb.
Nazirliyin "112" qaynar telefon xəttinə Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb.
Yanğın zamanı 4 nəfər həyatını itirib.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.