EN

Piyadaların xəsarət alması və ya ölümü ilə nəticələnən yol qəzalarında günahkar kimdir?

Piyadaların iştirakı ilə baş verən yol qəzalarının sayı artmaqdadır. Bəzən piyadaların diqqətsizliyi, bəzən isə sürücülərin məsuliyyətsizliyi ağır yol qəzaları ilə nəticələnir. Piyadaların vurululması ilə nəticələnən qəzaların çoxunda isə sürücü günahkar çıxır. Bu isə mübahisə doğuracaq məsələyə çevrilib.

 

Bəs nə üçün hər dəfə məsuliyyət sürücünün üzərində qalır?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən hüquqşünas Aysel Süleymanovanın sözlərinə görə, çox zaman piyada yolu keçən zaman sürücü sürət həddini tənzimləyə bilmədiyi üçün saxlaya bilmir və qəza baş verir:

 

“Piyadanın keçiddən, onlar üçün tənzimlənmiş svetaforun qırmızı işığında keçməsi birmənalı şəkildə qayda pozuntusudur. Ancaq qəza baş verən zaman sürücünün sürət həddini keçib-keçməməsi əhəmiyyət kəsb edir. Əksər zaman sürücü günahkar hesab edilir. Bununla yanaşı sürücü diqqətli olmalıdır. Qəza piyada keçidində baş verirsə, svetaforun qırmızı və ya yaşıl yanmasından asılı olmayaraq 99 faiz günah sürücüdə olur. Əgər qəza hansısa kənar yolda olursa, piyada anidən çıxarsa, sürücünün sürət həddini keçmədiyi aşkar edillərsə, bu zaman sürücünün hansısa günahı olmur”.

 

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev isə Pravda.az-a açıqlamasında şəhərdə piyada infrastrukturunun bərbad olduğunu bildirib:

 

“Piyada vurma halları müyəssər olmayan keçidlərin yanında baş verir. Bu səbəbdən piyadalar qısa yol axtarır. Birinci araşdırmalıyıq ki, piyada keçidi vərdişi niyə bu haldadır. Bu şəhərdə piyadaya şərait yoxdur. Piyada səkiləri davamlı deyil, bu da yanlış vərdişlər, daha qısa yollar formalaşdırır. Piyada keçidlərinin sayı artırılmalıdır. Ən əsas şəhərdə yol hərəkəti iştirakçıları arasında piyada üçün şərait yaradılmalıdır. Biz bunu tələb etməliyik. Bu problemi dərk edib, aradan qaldırmaq istiqamətində iş görməliyik. Təəssüf ki, Bakı şəhərində və regionlarda səkilərlə vəziyyətimz çox acınacaqlı haldadır. Şəhərdə eyni səviyyəli svetaforla nizamlanan zolaqlı keçidlərin sayı artırılmalıdır. Bu keçidlərə doğru olan küçə boyu səkilər təftiş edilib, önündəki bariyerlər aradan qaldırılmalıdır. Bu Dövlət Proqramının da tələbidir. Çünki yol hərəkətində ən qorunmayan hərəkət üzvü məhz piyadadır. Küçələrimiz funksional olmalıdır. Nəzərə alaq ki, ölkə əhalisinin 38 faizi azmobilli insanlardır. Onların hərəkəti demək olar ki, mümkünsüz hala gəlib çatıb. Bu məsələni aradan qaldırmaq lazımdır. Keçidlərdə təhlükəsizliyi qabardan elementlərin sayını artırmaq lazımdır. İki zolaqdan artıqdırsa orada təhlükəsizlik adacıqları, kontrast işıqlanma qurulmalıdır, svetafor fazalarına baxılmalıdır ki, uzun zaman dayanmadan rahat keçidlər təmin edilsin. Düyməli svetafor da qoyula bilər, nizamlanan, nizamlanmayan keçidlər qoyula bilər. Əsas budur ki sayları artırılmalıdır. Bununla yanaşı maariflənmə işləri aparılmaldır. İnsanlar da mövcud şəraitə uyğun hərəkət etsinlər. Amma hazırda şərait çox acınacaqlıdır. Yeni bir şey düzəldirlərsə bunu alqışlamaq lazımdır, tələb etmək lazımdır ki, sayı artırılsın. Piyadanın keçməyə yeri yoxdur. O keçidlərin sayı və onun təhlükəsizliyi istiqamətində diqqət artırılmalıdır”.

 

Şəhanə Quliyeva

Tarix: 5 Dekabr 2025, 09:30   
Chosen
44
pravda.az

1Sources