EN

Soyuq havada çay əvəzinə su için

Yazını böyüt
Yazını kiçilt

Qış aylarında çoxlarımız isinmək üçün isti çaya üstünlük veririk, lakin ilıq suyun faydalarını heç nə əvəz etmir. Məhz ilıq su immun sistemini dəstəkləməyə kömək edir və qışda düşündüyümüzdən daha tez-tez baş verən susuzlaşmanın qarşısını alır.

Hafta.az xəbər verir ki, rusiyalı diyetoloq Lyudmila Denisenko bu barədə "KP.ru"ya müsahibəsində danışıb. Bildirib ki, əslində, otaq temperaturunda olan adi su içilməlidir:

"Çünki əksər içkilər (çay, xüsusilə bitki çayları və qəhvə) sidikqovucu təsirə malikdir. Bu isə orqanizmdən daha çox mayenin xaric olunması deməkdir. Su balansı isə mütləq bərpa edilməlidir, əks halda orqanizm hüceyrə səviyyəsində zərər görməyə başlayacaq".

Onun sözlərinə görə, insanlar çox vaxt bunun fərqinə varmırlar və susuzluq hiss etmədiklərini düşünürlər. Əgər orqanizm uzun müddət kifayət qədər su almırsa, susuzluq hissi zəifləyir və insan xroniki susuzlaşma vəziyyətində yaşayır. Zamanla bu hal soyuqdəymə, oynaq ağrıları və böyrək problemlərinə səbəb ola bilər.

Mütəxəssis qeyd edir ki, su içməyi kiçik porsiyalarla vərdişə çevirmək vacibdir: hər saatda bir neçə qurtum, səhər yarım stəkan və yeməkdən əvvəl bir qədər su içmək tövsiyə olunur. Bu, xüsusilə gəzinti və ya hər hansı fiziki fəaliyyət ərəfəsində daha da vacibdir. Həkim suya orqanizmin düzgün işləməsinə kömək edən gündəlik "dərman" kimi yanaşmağı məsləhət görür.

Chosen
16
1
hafta.az

2Sources