Bakı, 5 dekabr, AZƏRTAC
11-ci Vüqar Həşimov Memorialına hazırlıq yüksək səviyyədə davam edir. Yarışın keçiriləcəyi məkan və oyunçular müəyyənləşib. Bu dəfə şahmatçıların mübarizəsi Xankəndi şəhərində olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri şahmat üzrə Vüqar Həşimov Memorialının direktoru Anar Allahverdiyev bu il Xankəndinin ev sahibliyi edəcəyi yarışla bağlı danışarkən deyib.
O, turnirdə güclü şahmatçıların üz-üzə gələcəyini bildirib: “Ötən il Memorial Şuşada oldu. Fəxr hissi ilə bu yarışın beynəlxalq statuslu turnir olduğunu deyə bilərəm. Memorialda güclü şahmatçılar üz-üzə gələcəklər. Məsələn, rusiyalı Yan Nepomnyaşi elit şahmatçılar siyahısına daxildir. Gənc ulduzlardan özbəkistanlı Nodirbek Yakubboyevin adını çəkə bilərəm. Çox gözəl oyunu ilə bütün türk dünyasını sevindirir. Digər şahmatçılar da uğurlu çıxışları ilə yadda qalır. Yerli şahmatçılardan Vüqar Həşimov şahmat klubunun lideri olan, üçqat Avropa çempionu, uzun illər Vüqarla bir komandada çıxış etmiş Rauf Məmmədov və Aydın Süleymanov da yarışacaqlar. Əlbəttə, bu turnirə böyük maraq var. Yarışın Xankəndidə keçirilməsi şahmatın regionlarda inkişafına böyük təkan verəcək”.
Turnirin direktoru yarışın formatı ilə bağlı da məlumat verib: “Yarış blits və rapid növlərində keçiriləcək. Rapiddə 15 dəqiqə+10 saniyə, blitsdə isə 3 dəqiqə+2 saniyə vaxt olacaq. Şahmatdan zövq almaq üçün yarışlar artıq vaxt baxımından qısaldılmış formatda keçirilir. Bununla ayaqlaşmaq lazımdır. Vüqar Həşimov Memorialı da böyük nəzarət vaxtı ilə başlamışdı. Ancaq zamanın tələblərini nəzərə alaraq, biz də bu formata keçid etdik. Belə olan halda oyun daha dinamik və həyəcanlı keçir. Mübarizə baxımından isə öz şahmatçılarımızın yüksək səviyyədə çıxışına və yaxşı yerlər tutacağına inanırıq”.