EN

DÇ-2026-nın final mərhələsinin püşkü atıldı

Bu gün dünya futbol ictimaiyyətinin diqqəti Vaşinqtonda keçirilən tədbirə yönəlmişdi. ABŞ-nin paytaxtındakı Con Kennedi adına İncəsənət İfaçıları Mərkəzində DÇ-2026-nın final mərhələsinin püşkü atıldı.
Xatırladaq ki, mundial gələn il iyunun 11-i – iyulun 19-u aralığında ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Nəhəng turnirdə ilk dəfə 48 milli komanda mübarizə aparacaq. Hazırda dünya çempionatının 42 iştirakçısı məlumdu. Son 6 vəsiqənin sahibi gələn ilin martına təyin olunan pley-off oyunlarından sonra müəyyənləşəcək. Həmişə olduğu kimi, bu dəfə də komandalar püşkatmadan əvvəl səbətlərə bölünmüşdü: 48 yığma hər birində 12 iştirakçı olmaqla 4 səbətə ayrılmışdı. Maraq üçün 1-ci səbətə Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika və Almaniyanın salındığını, Avropada (4 komanda) və dünyada (2 komanda) pley-off oyunlarının qaliblərinin isə İordaniya, Kabо Verde, Qana, Kürasaо, Haiti və Yeni Zelandiya ilə birlikdə 4-cü səbətə daxil edildiyini bildirək. Qaydalara əsasən, hər qrupda bir konfederasiyadan yalnız bir komanda mübarizə aparacaq. Doğrudu, bu mənada Avropa istisnadı. “Köhnə qitə” mundialda maksimum – 16 yığma ilə təmsil olunacağından, 4 qrupda bu qitənin iki təmsilçisi bir-birinə qarşı oynamalıdı. Reqlamentə görə, 12 qrupda ilk iki yeri tutacaq 24 komanda və qrup üçüncüləri arasında ən yaxşı göstəricilərə malik olacaq 8 yığma 1/16 finala vəsiqə qazanacaq.
Bakı vaxtı ilə saat 21.00-da başlayan püşkatma mərasimində ABŞ-nin prezidenti Donald Tramp, Meksikanın prezidenti Klaudiya Şeynbaum və Kanadanın baş naziri Mark Karni kimi təşkilatçı ölkələrin ali dövlət adamları iştirak etdi. AFFA-nın prezidenti Rövşən Nəcəf də tədbirə dəvət alan futbol və idman məmurlarının sırasında idi. Trampın FİFA Sülh Mükafatı ilə təltif olunduğunu da qeyd edək. Qeyd edək ki, mükafat bu ilin noyabrında təsis olunub. FİFA Sülh Mükafatına ilk dəfə məhz Tramp layiq bilinib. Onu ali futbol qurumunun prezidenti Canni İnfantino təltif etdi.
Püşkatma 1-ci səbətə daxil olan komandaların qruplara ayrılması ilə başladı. Sonra 2-ci, 3-cü və 4-cü səbətlərə düşən yığmaların rəqibləri müəyyənləşdi. Beləliklə, qrupların tərkibi məlum oldu. Püşkün nəticəsini nəzərinizə çatdırırıq.
A qrupu: Meksika, Cənubi Afrika, Koreya, Avropada D yolunun qalibi.
B qrupu: Kanada, Avropada A yolunun qalibi, Qətər, İsveçrə.
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya.
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Avropada C yolunun qalibi.
E qrupu: Almaniya, Kürasao, Kot d’İvuar, Ekvador.
F qrupu: Niderland, Yaponiya, Avropada B yolunun qalibi, Tunis.
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya.
H qrupu: İspaniya, Kabo Verde, Səudiyyə Ərəbistanı, Uruqvay.
I qrupu: Fransa, Seneqal, dünyada 2-ci pley-offun qalibi, Norveç.
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya.
K qrupu: Portuqaliya, dünyada 1-ci pley-offun qalibi, Özbəkistan, Kolumbiya.
L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama.
DÇ-2026-nın oyunları ümumilikdə 16 şəhərdə keçiriləcək. ABŞ-nin 11, Meksikanın 3, Kanadanın 2 şəhəri final turnirinin matçlarına səhnə olacaq. Mundialın təqviminin detallarını da nəzərinizə çatdırırıq. Qrup mərhələsi 2026-cı il 11-27 iyun, 1/16 final 28 iyun-3 iyul, 1/8 final 4-7 iyul, 1/4 final 9-11 iyul, yarımfinal 14-15 iyul, 3-cü yer uğurunda oyun 18 iyul, final isə 19 iyul tarixlətində keçiriləcək.
Yeri gəlmişkən, sonuncu dünya çempionu Argentina yığmasıdı. Cənubi Amerika təmsilçisi 2022-ci ilin dekabrında keçirilən finalda Fransa üzərində qələbə qazanıb. Matçın əsas vaxtı 2:2, əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb, penalti seriyasında isə argentinalılar 4:2 hesabıyla üstün olublar.

Chosen
87
50
football-plus.az

10Sources