EN

Bu qış Avropada qənaətli səyahətləri üçün ən yaxşı şəhərlər TOP 5

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Səyahət xərclərinin artması fonunda turistlər getdikcə daha çox qənaət yolları axtarırlar. Bunun ən populyar üsullarından biri hələ kütləvi turizmlə yüklənməmiş alternativ istiqamətlər seçməkdir.

Qaynarinfo xəbər verir ki, turizm nəşri "Travel Off Path"ın eksperti Vinisius Kosta Avropada qış səfəri nisbətən ucuz başa gələn, lakin gözəlliyi məşhur istiqamətlərdən geri qalmayan beş şəhərin siyahısını tərtib edib.

1. Qdansk, Polşa

Polşanın şimal-şərqində yerləşən bu liman şəhəri əsl müharibədən sonrakı möcüzədir. II Dünya müharibəsində dağıdılmış Qdansk külündən yenidən doğulub və Motlava çayı boyunca yerləşən, mənzərəli köhnə şəhərə malik canlı bir mərkəzə çevrilib.

Qdanskın əsas piyada küçəsi olan Dluqa boyunca gəzərkən mürəkkəb naxışlı və dekorativ karnizli rəngarəng evlərə tamaşa etmək olar. Sahilboyunda isə Avropanın ən yaxşı qorunmuş orta əsr kranı və münasib qiymətə Polşa yeməkləri təqdim edən çoxlu "süd barları” yerləşir. Şəhərin ən gözəl mənzərəsini görmək üçün Müqəddəs Məryəm kilsəsinə qalxmaq tövsiyə olunur.

Qdanskda büdcə restoranında axşam yeməyinin orta qiyməti bir nəfər üçün 10–15 dollar, orta səviyyəli restoranda isə iki nəfər üçün 30–40 dollardır. Hosteldə gecələmək 20–30 dollar, üçulduzlu oteldə isə 45–50 dollar təşkil edir. İctimai nəqliyyatda bir gediş 1,1–1,3 dollar, muzeylərə giriş 6–9 dollardır.

2. Riqa, Latviya

Latviyanın paytaxtı zəngin bəzədilmiş fasadları və möhtəşəm tikililəri ilə məşhurdur. Şəhərin mərkəzində yerləşən orta əsr köhnə şəhər rəngarəng malikanələr, ənənəvi tavernalar və daşla döşənmiş dar küçələr ilə turistləri cəlb edir.

Bundan başqa, Riqa dünyanın ən qədim yeni il yarmarkalarından biri ilə tanınır — ilk yolka 1510-cu ildə tacirlərin tarixi gildiyası olan Qara Başlılar evinin yanında qurulub.

Burada büdcə restoranında axşam yeməyi bir nəfər üçün 8–12 dollar, orta səviyyəli restoranda isə iki nəfər üçün 35–45 dollardır. Hosteldə qalmaq 20–30 dollar, üçulduzlu oteldə isə 44–50 dollardır. İctimai nəqliyyatda bir gediş 1,6–1,7 dollar, muzeylərə giriş 8–9 dollardır.

3. Saloniki, Yunanıstan

Yumşaq hava və qədim yunan şəhərlərinə xas xüsusi cazibə axtaranlar ölkənin ikinci böyük şəhəri olan, Aralıq dənizinin sahilində yerləşən Salonikiyə yollana bilərlər.

Qışda hava sərin olsa da, yağış demək olar ki, olmur — ayda 4–5 gün. Yetərincə isti geyinməklə dəniz sahilindəki tavernalarda suvlaki və ev şərabından zövq almaq mümkündür.

Burada büdcə restoranında axşam yeməyi bir nəfərə 11–17 dollar, orta səviyyəli restoranda iki nəfərə 28–40 dollardır. Hostel gecəsi 25–35 dollar, üçulduzlu oteldə isə 50–65 dollardır. İctimai nəqliyyatda bir gediş 0,65–0,7 dollar, muzeylərə giriş 8–9 dollardır.

4. Pontevedra, İspaniya

İspaniyanın şimal-qərbində yerləşən bu kiçik şəhər Santyaqo de Kompostelaya aparan zəvvarlıq marşrutu üzərindədir. Bir çox turistlər üçün sadəcə dayanacaq yeri olsa da, Pontevedra daha uzun müddət qalmağa dəyər.

Burada arka meydanları, qotik tikililəri və naharda münasib qiymətə "tapas” təqdim edən ailə barları ilə gözəl qorunmuş tarixi mərkəz turistləri qarşılayır.

Büdcə restoranında axşam yeməyi bir nəfərə 12–15 dollar, orta səviyyəli restoranda iki nəfərə 50–70 dollardır. Hosteldə gecələmək 32–40 dollar, üçulduzlu oteldə 70–90 dollardır. İctimai nəqliyyatda bir gediş 2–3 dollar, muzeylərə giriş 6–10 dollardır.

5. Sofiya, Bolqarıstan

Bolqarıstanın paytaxtı ilbəil daha məşhur olsa da, hələ də turist izdihamından uzaqdır. Tarix boyu müxtəlif sivilizasiyaların hakimiyyəti altında olan Sofiya özünəməxsus şəhər simasına malikdir: Roma mozaikaları və kilsələri, Osmanlı dövrünün məscidləri və Bizans üslublu Aleksandr Nevski katedralı burada yanaşı yerləşir.

Büdcə restoranında axşam yeməyi bir nəfərə 9–12 dollar, orta səviyyəli restoranda iki nəfərə 25–35 dollardır. Hosteldə gecələmək 17–30 dollar, üçulduzlu oteldə isə 40–60 dollardır. İctimai nəqliyyatda bir gediş 0,9 dollar, muzeylərə giriş 5–8 dollardır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
qaynarinfo.az

1Sources