EN

Qadın deyiləndə ağıllarına yorğan-döşək gəlir...

Atası Azərbaycan mədəniyyətini ağlar qoyan Suad Qarayeva şairə Məhsəti Gəncəvinin həyatından bəhs edən qısametrajlı film çəkib. Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura “Məhsəti” filminin Bakı Film Festivalında nümayişinə qadağa qoyub. Bədii Şura filmi izləyəndən sonra bu qənaətə gəlib ki, ekran işində Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi yeri olan Məhsəti Gəncəvi obrazı ciddi təhrif olunub, etik və normativ çərçivələrə etinasız yanaşılıb. İki gündür sosial şəbəkə istifadəçiləri bu xəbəri müzakirə edir. Filmə baxan da danışır, baxmayan da. Həmişə olduğu kimi cəmiyyət yenə iki yerə bölünüb. “Məhsəti” filminin nümayişinə qadağa qoyulmasına etiraz edənlər də var, bu qərara haqq qazandıranlar da. Birincilər düşünür ki, yaradıcı adamları buxovlamaq olmaz. Film yaradıcılıq məhsuludur, rejissor ürəyi istəyəni çəkə bilər. İkincilər isə deyir ki, “qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya nağaraçıya”. Yəni yaradıcı adamların etik çərçivəni aşmağa ixtiyarı yoxdur. Klassik ana-bacı söhbəti… Üzümə üz qaralığı çəkib filmdən bəzi kadrları izlədim. Sən demə, günəşli vətənimizdə 1000 il əvvəl lüks avtomobil olub. Sən demə, on ikinci əsrdə bizim Məhsəti fransız gözllərinin bu gün güc-bəla ilə əldə etdiyi bahalı siqaretdən çəkirmiş. Xeyli maarifləndim… Məhsəti azad qadın olub. Amma bu azadlığın kişilərlə oturub-durmaqla heç bir əlaqəsi yoxdur. Sudanı qınayıram, amma həm də qınamıram. Niyə qınadığım bəllidir. Bu cür filmlərlə Azərbaycan mədəniyyətinin inkişafına heç bir töhfə vermək mümkün deyil. Adamın çörək problemi, sosial qayğıları olmaya bilər. Təminatlı olmaq, başqaları kimi 5-3 manat üçün səhərdən axşama kimi işləməmək o demək deyil ki, ağlına gələni eləməlisən. Bilirəm, boş vaxtı çox olur. İşıqpulu, qazpulu, supulu dərdi yoxdur. Vaxtı çoxdur. Heç olmasa, 1-2 qısametrajlı film izləsin, yerli və beynəlxalq təcrübəni öyrənsin. Ən əsası isə Məhsətinin həyat və yaradıcılığını öyrənsin. İnternet resurslarında belə məlumatlar çoxdur. Yazım, keçmiş nazirin qızı məlumatlansın: “Bəzi müəlliflər yazır ki, Məhsəti adı “Böyük xanım”, bəziləri yazır ki, gözəlliyini nəzərə alıb “Ay xanım” (“Mah” - ay, “Səti” - xanım) kimi izah edilir. Şairə həm də dərin biliklərə malik olduğundan Məhsəti Dəbir kimi tanınıb. O, məşhur Azərbaycan şairəsi, şahmatçı, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır. Alman alimi Frits Meyer 1963-cü ildə “Gözəl Məhsəti” monoqrafiyasını yazıb və 257 rübai, 30-a yaxın şeir parçasını burada toplayıb. Məhsəti Gəncəvinin Misirin İsgəndəriyyə kitabxanasında, ABŞ-nin Metropol Muzeyində və Yel Universitetində 110-dək miniatür, illüstrasiya və rübaisi saxlanılır”. Əbülfəs Qarayevin qızı yağ-bal içində böyüsə də, bir neçə dil bilsə də, təfəkkürcə qonşumuz Mirbaba kişidən çox da qabağa getməyib. Qadın azadlığı deyiləndə Mirbaba kişi kimi Suda xanımın da ağlına yorğan-döşək gəlir...Bax, elə buna görə də Suda Qarayevanı çox da qınaya bilmirəm. Böyük Qara Qarayevin nəslindən gəlmək o demək deyil ki, sən mütləq mədəniyyət xadimi olmalısan. Mənim babam 50-ci illərin məşhur futbolçusu olub. Amma mən açıq qapıya qol vura bilmirəm…

L.Səfiyarlı, xüsusi olaraq Metbuat.az üçün

Chosen
59
metbuat.az

1Sources