EN

Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

Ağdam, 6 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində görkəmli xanəndə, Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib. Tədbirdə Qədir Rüstəmovun ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, mədəniyyət işçiləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, şəhidlərin və mərhum sənətkarın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Qədir Rüstəmovun həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatları Aqil Abbas, Bəxtiyar Əliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, yazıçı Vaqif Bəhmənli və başqaları Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafında Qarabağ muğam məktəbinin nümayəndələrinin rolundan, Qədir Rüstəmovun həyat yolundan, bənzərsiz ifaçılıq məharətindən, muğamlarımızın təbliği, tanıdılması və inkişafı naminə fədakar əməyindən, istedadı, məlahətli səsi və özünəməxsus ifa tərzi sayəsində xalqın sevgisini qazanmasından bəhs ediblər.

Bildirilib ki, Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub. Unudulmuş xalq mahnılarımızdan bir çoxu sənətkarın ifası ilə yenidən həyat qazanıb. Onun son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dili-dili”, “Sarı gəlin” və neçə-neçə digər mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadıb. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları - “Rast”, “Çahargah” lentə alınaraq radionun qızıl fondunda saxlanılır. Görkəmli xanəndənin milli musiqi mədəniyyəti sahəsində nailiyyətləri daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

Qədir Rüstəmov 2011-ci il dekabrın 13-də vəfat edib, ikinci Fəxri xiyabanda dəfn olunub.

Tədbirdə Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə tanınmış muğam ifaçılarının təqdimatında mərhum xanəndənin repertuarına aid xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri təqdim edilib.

Sonda çıxış edən Qədir Rüstəmovun oğlu Mehdi Rüstəmov tədbirin təşkilatçılarına və bütün iştirakçılara minnətdarlığını bildirib.

Chosen
21
2
azertag.az

3Sources