''Qalatasaray''ın sol müdafiəçisi İsmail Yakobsun tez-tez sıradan çıxması həm rəhbərliyi, həm də fanatları boğaza yığıb.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhənginə ümumilikdə 9 milyon avroya başa gələn 26 yaşlı futbolçu hazırda yenə zədəlidi və nə vaxt meydana qayıdacağı bilinmir. Yakobs Çempionlar Liqasında ''Yunion''la ev matçında ikinci hissənin əvvəllərində zədələnərək əvəzlənmişdi. Bu üzdən o, ''Fənərbaxça'' və ''Samsunspor''a qarşı son oyunları buraxmalı oldu. Hər iki önəmli matçda ''Qalatasaray'' sol cinahda gənc Kazımcan Karataşın xidmətindən yararlanmalı oldu.
Yakobs 2024-cü ildə ''Monako''dan transfer olunub və indiyə qədər Türkiyə karyerasında 135 gün, daha dəqiq desək 32 qarşılaşmada zədə üzündən komandasına yardım edə bilməyib! ''Qalatasaray'' növbəti oyunu Yakobsun sabiq klubu ''Monako''ya qarşı keçirəcək və futbolçu çox güman həmin matçı da buraxacaq. Baş məşqçi Okan Burukun müdafiənin sol cinahı ilə bağlı planlarının tez-tez pozulmasına səbəb olan Yakobsun xroniki zədəsinin olması barədə şayiələr də yayılıb. Hər halda fanatlar sosial şəbəkələrdə məhz bunu iddia edirlər. ''Qalatasaray'' rəhbərliyi isə futbolçu ilə görüş keçirərək ona şəxsi həyatına diqqət yetirməyi və daha peşəkar həyat sürməyi tövsiyyə ediblər.