Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Noyabrın 30-da əvəzedicilər liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirildi. Birinci və ikinci pillənin sahibləri - “Sabah”la “Neftçi” üz-üzə gəldi. “Bayquşlar” “ağ-qaralar”ı darmadağın etdi – 5:0. “Neftçi-2”yə bu dəfə də əsas komandadan Rza Cəfərov cəlb olunsa da, gənc qapıçı da komandasına kömək edə bilmədi, qapısından 5 qol buraxdı. Komandanın baş məşqçisi Rəşad Abdullayev acı məğlubiyyətin səbəbləri haqda “Futbol+”ə danışdı:
“Dörd ildi əvəzedici komandada çalışıram. Belə acı məğlubiyyət görməmişdik. Çünki həmişə komandamız gücü və əzmkarlığı ilə seçilib. Belə məğlub olmaq əslində elə də problem deyil. Çünki əsas məqsədimiz oyunçuları yetişdirmək, yüksək səviyyəyə çatdırmaqdı. Həmişə komandamız yüksək yerlər uğrunda oynayıb. Futbolçulara istirahət vermişik, hələ ki danışmamışıq. Amma bu haqda ciddi söhbətimiz olacaq. Düzdü, qapıçımız Rza Cəfərov idi. Amma onun da uzun müddətdi oyun praktikası yoxdu. Hesab böyük olanda günahkar tək qapıçı olmur. Biz, adətən, əsas komandadan futbolçu götürmürük, öz heyətimizlə oynayırıq. Amma bizə qarşı həmişə əsas komandadan 4-5 futbolçu gəlib çıxış edir. Heyətləri genişdi. Protokola baxsaz, görərsiz ki, əsas komandadan savayı, U-21 millisinin futbolçusu, legioner, olimpiya millisində çıxış edən futbolçular oynayır. Bizdə bu mövsüm daha çox təcrübəsiz uşaqlardı. Təcrübələri çatmır. Liderlik üçün oynayırıq. Rəqib bizdən 4 xal irəlidə idi. Xal fərqinin artmasını istəmirdik. Xal və xallar üçün oyuna çıxmışdıq. İkinci hissədə əks-hücumlarda yaxaladılar, dörd top buraxdıq”.
MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.