BMT-nin Baş katibi Quterreş Suriyada rejimin süqutunun ildönümü ilə bağlı açıqlama verib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Suriyada rejim dəyişikliyinin birinci ildönümü ilə bağlı yazılı açıqlama verib.Quterreş xatırladıb ki, devrilmiş Suriya lideri Bəşər Əsədin hökumətinin süqutu ilə "onilliklər boyu davam edən zülmə son qoyulub".
Bəyanatında Quterreş Suriya xalqının dözümlülüyünü vurğulayaraq dedi: “Bu gün Əsəd hökumətinin süqutundan və onilliklər boyu davam edən zülm sisteminin sonunun bir ili tamam olur. Mən ağlasığmaz çətinliklərə baxmayaraq, heç vaxt ümidini itirməyən Suriya xalqının dözümlülüyünə və cəsarətinə hörmət edirəm”.
Quterreş Suriyadakı rejim dəyişikliyini “parçalanmış icmaları yenidən qurmaq və dərin bölünmələri sağaltmaq” üçün bir fürsət kimi gördüyünü və bu prosesin etnik mənsubiyyətindən, dinindən, cinsindən və ya siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir suriyalı üçün “təhlükəsiz, bərabər və ləyaqətli” bir həyatın mümkün olduğu bir millət qurmaq imkanı təqdim etdiyini vurğuladı.
BMT-nin bu keçidi uğurla başa çatdırmaq üçün suriyalılarla işləməyə “tam öhdəliyini” vurğulayan Quterreş dedi: “Ötən il göstərdi ki, suriyalılar öz keçid dövrünü idarə etmək üçün səlahiyyətləndirildikdə və dəstəkləndikdə mənalı dəyişikliklər mümkündür”.
Quterreş prosesin çətinliklərlə üzləşdiyini, lakin onların "aşılmaz olmadığını" bildirib və əlavə edib: "Keçid ədalət mexanizmlərinin yaradılması üzərində iş davam edərkən, mülki iştirakçılığın genişləndirilməsi inklüziv və hesabatlı Suriyanın təməlini qoymağa kömək edəcək. Beynəlxalq ictimaiyyət Suriyanın rəhbərlik etdiyi və Suriyaya məxsus bu keçidi qətiyyətlə dəstəkləməlidir".
aia.az
Tərcümə şöbəsi