EN

Siyasi partiya hansı hallarda ləğv oluna bilər?




“Siyasi partiyanın ləğv edilməsi məsələsi hər bir dövlətin konstitusiya təhlükəsizliyi, siyasi sabitliyi və hüquqi nizam-intizamı üçün xüsusi əhəmiyyət kəsb edən hüquqi institutdur. Dövlətlər siyasi plüralizmi və çoxpartiyalı sistemi təmin etsələr də, bu azadlıq heç vaxt dövlətin suverenliyinə, konstitusiya quruluşunun toxunulmazlığına və ictimai təhlükəsizliyə zərər vurmaq məqsədilə sui-istifadə oluna bilməz”.

Bu fikirləri Newscenter.az-a hüquqşünas Əli İbrahimov dövlət əleyhinə cinayətlərdə ittiham olunan siyasi partiyaların ləğvi mümkünlüyündən danışarkən səsləndirib. O deyib ki, Azərbaycan Respublikasında siyasi partiyalar Konstitusiya və “Siyasi partiyalar haqqında” Qanunla tənzimlənir və onların fəaliyyətinin xarakteri, məqsədləri, maliyyə qaynaqları, təşkili və dövlətə münasibəti bu normativ çərçivə ilə müəyyən edilir:

“Siyasi partiya yalnız məhkəmə qərarı ilə ləğv edilə bilər və bu qərar ciddi hüquqi əsaslara söykənməlidir. Ləğvin tətbiq olunduğu ən əsas hallar partiyanın dövlətə qarşı yönəlmiş, təhlükə yaradan və cinayət tərkibi daşıyan fəaliyyətlə məşğul olmasıdır. Buraya ilk növbədə dövlətin suverenliyinin, müstəqilliyinin və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş çağırışlar daxildir. Əgər siyasi partiya öz proqramında və ya təbliğat mexanizmində konstitusiya quruluşunun devrilməsi, dövlət hakimiyyətinin qanunsuz ələ keçirilməsi, separatçılıq və ya ərazi bütövlüyünə xələl gətirən ideyalar yayıb onları praktik fəaliyyətə çevirirsə, bu, onun ləğvi üçün birbaşa hüquqi əsas yaradır. Dövlətin bütövlüyünün pozulmasına yönəlik çağırışlar yalnız qanunun pozulması deyil, həm də milli təhlükəsizlik üçün birbaşa təhdiddir. Buna görə də belə fəaliyyət aşkarlandıqda Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən materiallar toplanır, hüquqi qiymət verilir, daha sonra məhkəməyə müraciət olunur”.
Əli İbrahimov qeyd edib ki, siyasi partiyanın ləğv edilməsinə səbəb olan ikinci mühüm kateqoriya terrorizm və zorakılığa çağırışla bağlıdır:

“Əgər partiya terror fəaliyyətini təbliğ edir, terrorçu qruplarla əlaqə saxlayır, kütləvi iğtişaşların təşkilinə çağırış edir, silahlı müqavimət ideyalarını yayırsa, bu, ictimai təhlükəsizliyə birbaşa zərbə deməkdir. Həmçinin zorakı devirmə, qarşıdurma, qiyam və ya kütləvi pozucu aksiyaların təşkili üçün maliyyə, təşkilati və ya ideoloji dəstəyin göstərilməsi siyasi partiyanın ləğvi üçün kifayət qədər əsaslardan hesab olunur. Dövlət həm ictimai sabitliyi, həm də demokratik siyasi sistemin sağlam fəaliyyətini qorumaq üçün belə hallar baş verdikdə ən sərt hüquqi mexanizmləri işə sala bilər.

Siyasi partiyaların ləğvinə səbəb olan digər ciddi amillərdən biri etnik, dini və ya sosial ədavətin qızışdırılmasıdır. Millətlərarası qarşıdurma yaratmaq, dini ayrı-seçkiliyi təşviq etmək, sosial nifrət toxumu səpmək, cəmiyyətdə təfriqə yaradan çağırışlar və ya fəaliyyətlər siyasi mühitin sabitliyini pozur və bu, dövlət tərəfindən qəti şəkildə yolverilməz hesab olunur. Siyasi partiyanın funksiyası cəmiyyəti bölmək deyil, onu demokratik müzakirə platformasına cəlb etməkdir. Əgər bir partiya insanların irqi, etnik, dini və ya sosial mənsubiyyətinə görə onları bir-birinə düşmən kimi göstərirsə, bu fəaliyyət həm Konstitusiyaya ziddir, həm də ümumi daxili təhlükəsizlik üçün real təhdid yaradır”.

Əli İbrahimov onu da vurğulayıb ki, siyasi partiyanın ləğv edilməsinə gətirib çıxaran digər məqam qanunsuz maliyyələşmədir:

“Xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, şübhəli biznes strukturlarından və ya anonim mənbələrdən qeyri-qanuni və gizli maliyyə qəbul edilməsi siyasi müstəqilliyə və dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Dövlətin siyasi sisteminə kənar qüvvələrin təsiri təhlükəli presedent yaratdığı üçün bu pozuntu aşkarlandıqda Ədliyyə Nazirliyi və maliyyə nəzarəti orqanları tərəfindən ciddi araşdırma aparılır. Bu pozuntu təsdiqləndikdə partiyanın ləğvi barədə məhkəməyə müraciət edilir”.

Süleyman
Chosen
120
1
newscenter.az

2Sources