EN

“Məhsəti xanım təvazökarlıqdan və sufilərə məxsus alçaqkönüllülükdən dolayı...”

“Tarixi şəxsiyyətlərin fəaliyyətini, yaradıcılığını, lap həyatını təftiş etmək yox, tədqiq etməkdə, araşdırmaqda bir qəbahət yoxdur. Lakin söhbət Azərbaycan xalqının şəxsiyyətlərindən gedirsə, onları təhqir etmək, aşağılamaq yolverilməzdir. Son günlər savadsız bir dəli quyuya bir daş atıb, ağıllılar yığılıb o daşı çıxarmaq əvəzinə özləri də daş atmağa başlayıblar. Düşüblər 900 il əvvəl yaşamış Məhsəti Gəncəvinin üstünə. Biri film çəkib onu sıradan bir şərabxor, pozğun həyat tərzi keçirən qadın kimi qələmə verir, digəri məqalə yazıb onun fars şairi kimi təqdim edir”. 

Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

Onun sözlərinə görə, bu yanaşma savadsız və cahilanə yanaşmadır:

“Ümumiyyətlə yanaşma deyil, küçə söhbətləridir, iftiradır. Əvvəla Azərbaycan qadını haqqında bu ifadələri işlətmək doğru deyil. Sufi "Əxilik" təriqətinə mənsub olan xanımın bəzi rübailərindəki dəsti - xətti əsas gətirib onun pozğun həyat yaşadığını iddia etmək, əxlaqsız olduğunu yazmaq özü bir pozğunluqdur. Təriqətinin dəsti-xəttini qoruyub saxlayan Məhsəti xanım təvazökarlıqdan və sufilərə məxsus alçaqkönüllülükdən dolayı şeirlərində özünü bu cür təqdim etmişdir. Şeirdən çıxan nəticə ilə şəxsin həyatı haqqında mütləq qənaətə gəlmək yanlışdır. Bir çox şairə istinad edilən şeirlərin çoxunun heç onlara aid olduğu dəqiq deyil. Üstəlik də hərəsinin öz poeziya dili, düşüncəsi, xətti var. Sufiliyi dərindən bilənlər az olduğuna görə sufi şairlərin yaradıcılığını araşdıranlar çox vaxt böyük xətalara yol verib yanlış istiqamət seçirlər”. 

İlahiyyatçı deyib ki, Ömər Xəyyam rübailərində şərabı, dinsizliyi tərənnüm edir: 

“Bəlkə də Xəyyamı tanımayan, onun riyaziyyatçı, astronom, filosof olduğunu bilməyən adam o rübailəri oxusa Xəyyamın tüfeyli bir əyyaş olduğunu zənn edər. Yaxud Nəsiminin qəzəllərini oxuyub onun kafir olduğunu demək olarmı? Əlbəttə, olmaz. Çünki onun şeir dili, fikri, duyğunu bəyan etmək xətti o cürdür. Məhsəti Gəncəvinin gözəl rübailəri, şeirləri var. Onun eyni zamanda ictimai fəaliyyətlə məşğul olması, bir çox musiqi alətlərində ifa qabiliyyəti barədə də məlumatlar mövcuddur. Onu aşağılamaq, ucuzlaşdırmaq, bayağılaşdırmaq, şöhrət mərtəbəsinə qalxmaq üçün nərdivan etmək həyasızlıqdır. Mütləq bir sənət öyrənməyi, müftəxor olmamağı əmr edən Əxilik təriqətinin digər üzvləri kimi Məhsəti Gəncəvi də bir neçə sənət öyrənmişdi. Təbii ki, onun istedadı və qabiliyyəti dövrünün öncül şəxslərinin, hətta idarəçilərinin belə diqqətini çəkmişdi”.

Vasif ƏLİHÜSEYN

Chosen
18
1
adalet.az

2Sources