Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfə hamımız tərəfindən yüksək qiymətləndirilir. Bu addımlar yalnız regional deyil, qlobal mədəni əməkdaşlığın inkişafına xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in açılış mərasimində Liviya Dövlətinin mədəniyyət və koqnitiv inkişaf naziri Mabrouka Toghi deyib.
O qeyd edib ki, mədəniyyət yalnız keçmişin xatırlanması deyil, həm də gələcəyin strateji şəkildə qurulması üçün ən güclü vasitələrdən biridir. Mədəniyyət insanlar arasında anlaşmanı, xalqlar arasında etimadı, dövlətlər arasında isə qarşılıqlı hörmət və əməkdaşlığı formalaşdırır.
Nazir İƏT Mədəniyyət Festivalının bu dəyərlərin real təcəssümü olduğunu diqqətə çatıdırıb: “Burada bir araya gələn memarlar, sənət adamları, kino yaradıcıları, musiqiçilər, alimlər və gənc istedadlar mədəniyyətin müasir inkişafını, yeni ideyaları və texnoloji yaradıcılığı paylaşmaq üçün geniş imkanlar əldə edirlər. Həmçinin qeyd etmək istərdim ki, İslam mədəniyyəti tarix boyu bilik, elm, incəsənət və mənəvi dəyərlərin daşıyıcısı olub. Bu irs yalnız kitabxanalarda və muzeylərdə deyil, həm də gündəlik həyat tərzimizdə, memarlıq ruhumuzda, musiqi ifadələrimizdə, ədəbiyyatımızda və kollektiv yaddaşımızda yaşayır.
Bu gün Liviya Mədəniyyət Nazirliyi, İƏT çərçivəsində ortaq mədəni proqramların genişləndirilməsi, gənclərin yaradıcılıq inkişafının dəstəklənməsi, eləcə də bilik və koqnitiv sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirmək əzmindədir. Biz inanırıq ki, yaradıcı sənaye gələcəyin iqtisadi və mədəni inkişafına təkan verən əsas sahələrdən biri olacaq”.