EN

“İƏT Yaradıcı Həftə 2025” keçirilir Fotolar Yenilənib

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bakı Konqres Mərkəzində “İƏT Yaradıcı Həftə 2025”in rəsmi açılış mərasimi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, İslam Əməkdaşlıq Təşkilatı baş katibinin müavini və Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tarig Ali Bakhit, Pakistanın federal milli irs və mədəniyyət naziri Aurangzeb Khan Khichi, Misirin mədəniyyət naziri Ahmed Fouad Hanno, Liviyanın mədəniyyət və koqnitiv inkişaf naziri Mabrouka Toghi, Fələstinin mədəniyyət naziri Imadeddin Abdullah Salim Hamdan, Türkiyənin mədəniyyət və idman nazirinin müavini Nadir Alpaslan iştirak edirlər.

Açılış mərasimində çıxış edən Adil Kərimli tədbir iştirakçılarını salamlayaraq bildirib: “Azərbaycanımıza xoş gəlmisiniz, Bakıya xoş gəlmisiniz - qədim və müasir İslam mədəni irsinin ən nadir və gözəl nümunələrini özündə birləşdirən şəhərə. Bu tədbirə ev sahibliyi etmək və bu qədər böyük, rəngarəng və istedadlı qonaqları burada görmək bizim üçün böyük şərəfdir.

Bakı, Naxçıvan və Şuşanın müxtəlif illərdə “İslam mədəniyyətinin paytaxtı” elan olunması, eləcə də Şuşanın 2024-cü ildə “İslam Gənclər Paytaxtı” seçilməsi Azərbaycanın zəngin islam irsinə göstərilən hörmətin və dəyərləndirilmənin ifadəsidir.

Bu gün mədəni əməkdaşlığımız yeni bir mərhələyə qədəm qoyur və ümid edirik ki, bu başlanğıc Azərbaycan ilə İƏT arasında ikitərəfli əməkdaşlığın genişlənməsinə, eləcə də üzv dövlətlər arasında çoxtərəfli tərəfdaşlığın güclənməsinə yol açacaq”.

Nazir həmçinin qeyd edib ki, Bakıda İslam Mədəniyyət Festivalının başlanması islam dünyasında yaradıcı sənaye nümayəndələri üçün dialoq, tərəfdaşlıq və yeni ideyalar platforması yaradır: “40-dan çox ölkədən 300-dən artıq xarici iştirakçı və təxminən 5000 ziyarətçinin gözlənildiyi bu tədbir yaradıcı sənaye nümayəndələri üçün geniş şəbəkələşmə imkanı yaradacaq və yeni kreativ həllərin təqdim olunmasına töhfə verəcək.

UNCTAD, UNESCO və digər qurumların hesabatlarına görə, qlobal ÜDM-in ən azı 3%-i mədəni və yaradıcı sənayelər tərəfindən formalaşır.

2025-ci ildə yaradıcı sahələrin bir çoxunda 2024-cü illə müqayisədə ciddi artım müşahidə olunub. Belə ki, kino sənayesində 15,13%, oyun sənayesində 8,01%, onlayn platformalarda 22,56%, musiqi, radio və podkast sektorunda 63,47%, kitab, jurnal və qəzet sektorunda 6,95% artım qeydə alınıb. Bu səbəbdən mədəni və yaradıcı sənayelərin inkişafı ölkəmizin milli mədəniyyət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

Bundan əlavə, ötən il Nazirliyin nəzdində müasir infrastrukturla təchiz edilmiş Kreativ Mərkəz yaradılıb. Mərkəz gənc və istedadlı startaplar üçün inkişaf məkanı, təlim proqramları və sürətləndirmə (akselerasiya) prosesləri təqdim edir. Bu gün mərkəzin bəzi rezidentlərinin dövlət dəstəyi alan layihələrdən beynəlxalq səviyyədə xidmət və məhsul təqdim edən qurumlara çevrilməsini məmnuniyyətlə izləyirik”.

Adil Kərimli çıxışı zamanı vurğulayıb ki, hazırda işğaldan azad edilmiş şəhər və kəndlərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir: “Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurun zəngin mədəni ruhunu bərpa etmək, mədəni və yaradıcı həyatı canlandırmaq və regionun davamlı inkişafını təmin etmək üçün sürətli addımlar atır.

Bu günədək Azərbaycanın üç şəhəri - Şəki, Bakı və Lənkəran UNESCO-nun Mədəniyyət və Yaradıcı Şəhərlər Şəbəkəsinə (UCCN) daxil edilib. Həmin şəhərlərin merləri də bu tədbirdə iştirak edir. Hesab edirik ki, gələcəkdə bu kimi proqramlar İƏT çərçivəsində də həyata keçirilə bilər.

Qeyd etmək istərdim ki, bu il İƏT Mədəniyyət Festivalı ənənəvi “Baku Cinema Breeze” film festivalı ilə eyni vaxta təsadüf edir və 30 ölkədən 120-dən çox kinorejissor tədbirə qoşulub”.

Qeyd edək ki, 5-11 dekabr tarixlərində Bakı “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025”ə ev sahibliyi edəcək.

Tədbirdə 50-yə yaxın ölkədən 300-dən çox rəsmi nümayəndənin, mədəniyyət və yaradıcı sənaye ekspertlərinin iştirakı gözlənilir. Ümumilikdə festival çərçivəsində 5 000-dən artıq ziyarətçinin qatılacağı proqnozlaşdırılır.

***

Bakı Konqres Mərkəzində keçirilən “İƏT Yaradıcı Həftə 2025”in rəsmi açılış mərasimi bədii proqramla davam edib.

Proqram çərçivəsində iştirakçılar müxtəlif mədəni və musiqi nömrələrini izləyiblər. İllüstrasiyalar Leyla Əliyeva tərəfindən hazırlanmış “Zaman dairəsindən çıx – Sevgi dairəsinə daxil ol” (Rumi) – vizual konsepsiya Əməkdar Artisti və Atesh Hub-un təsisçisi Səbinə Şıxlinskaya tərəfindən, musiqi tərtibatı isə Orxan Ağayev (DJ Pancho) tərəfindən təqdim olunub.

Daha sonra tar ifaçısı İbrahim Babayevin təqdimatında Azərbaycan xalq rəqsi “Yaylıq” və ifaçı AISEL-in təqdimatında “Şuşa” səsləndirilib.

Lamiyə Məmmədova

Fotolar: Pərvin Zeynal

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
qafqazinfo.az

1Sources