EN

Əbülfəs Qarayevin qızı məhkəməyə verilir – Rejissoru hansı cəza gözləyir?


Əbülfəs Qarayevin qızı Suada Qarayeva məhkəməyə verilir.

Bu barədə Modern.az saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, “Məhsəti” filminə görə bir qrup ziyalı və mədəniyyət nümayəndələri filmin rejissoru Suada Qarayevanı məhkəməyə verməyə hazırlaşır. Qeyd edilir ki, hadisənin hüquqi, mənəvi və siyasi tərəfləri var və bu məsələ təkcə bir filmdən ibarət deyil.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Bədii Şura filmin Bakı Beynəlxalq Film Festivalında nümayişinə rəsmi şəkildə qadağa qoyub. Qərar kəskin, sərt və birmənalı şəkildə verilib.

Rəsmi açıqlamada bildirilir ki, film Məhsəti Gəncəvi kimi dünyaşöhrətli bir şairəni aşağılayıcı, pejorativ, əxlaqsız qadın obrazında təqdim edir və bu, tarixi şəxsiyyətin heysiyyətinə açıq hörmətsizlikdir.

Məlum olduğu kimi, filmin müəllifi Suada Qarayeva keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır. Bu fakt ictimai narazılığı daha da artırıb və bir çoxları tərəfindən “mədəniyyət irsinin təhrifinin himayədarlıqla ört-basdır edilməsi cəhdi” kimi təqdim olunub.

Əgər məhkəmə baş tutarsa, qanunvericiliyə əsasən, Əbülfəs Qarayevin qızını hansı cəza gözləyir?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Musavat.com-a danışıb.

RAMİL SON.jpg (87 KB)

Hüquqşünasın sözlərinə görə, Azərbaycan qanunvericiliyində milli-mənəvi dəyər anlayışı ilə bağlı konkret hüquqi tənzimləmə mövcud deyil:

“İlk növbədə qanunvericilik milli-mənəvi dəyər anlayışına hansı kriteriyaların daxil olduğunu dəqiq müəyyənləşdirməlidir. Çünki milli-mənəvi dəyər anlayışı hüquqi kateqoriya deyil, daha çox sosial, mədəni və etik çərçivədə dəyərləndirilən nisbi bir məfhumdur. Bu məfhumun sərhədləri cəmiyyətdən cəmiyyətə, hətta fərddən fərdə dəyişə bilər. Bu baxımdan, hesab edirəm ki, belə bir məsələ ilə bağlı məhkəmə prosesi keçirilsə belə, onun hüquqi müstəvidə real nəticəyə gətirəcəyi ehtimalı çox aşağıdır”.

SEYX.jpg (48 KB)

Xalq artisti, rejissor-aktyor Şeyx Əbdül Mahmudov isə Musavat.com-a açıqlamasında qeyd edib ki, bu cür hadisələrin qarşısını almağın yeganə yolu qanunvericilikdə ciddi dəyişikliklərə getmək, xüsusilə də mədəni irsin təhqiri və əxlaq pozuntuları ilə bağlı müddəaları sərtləşdirməkdir:

“Məhsəti Gəncəvini tanımadan, onun rübai janrının fəlsəfəsini anlamadan, o dövrün ictimai-siyasi və mədəni mühitini bilmədən ağıla gələn təsvirləri çəkmək, onun rübaisindən çıxış edib hansısa erotik obraz yaratmaq əlbəttə ki, yolverilməzdir. Rübai janrının özünəməxsus poetik üslubu var və bu üslubda qadın obrazı birbaşa, açıq formada deyil, simvolika ilə, o cümlədən güllə, çiçəklə, təbiət estetikası ilə obrazlı şəkildə ifadə olunur.

Məhsəti Gəncəvi dövrünün ən böyük ziyalılarından biri olub - dövlət səviyyəsində, saray mühitində söz sahibi olan, elm və incəsənətdə dərin iz buraxmış bir xanım. Onun obrazını Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsərində yüksək səviyyədə təqdim edib.

Məhsəti həmçinin şərq qadınları arasında şahmat üzrə ustad hesab olunurdu. Belə bir şəxsiyyəti yanlış təbliğ etmək, onun adına uyğun olmayan obraz yaratmaq cəmiyyətin mədəni zövqünə və tarixi yaddaşına ziyan vurur.

Əlbəttə, təkcə Suada Qarayevanı məsuliyyətə cəlb etməklə iş bitmir, heç nə dəyişmir. Bu, yalnız bir nəticədir, səbəb isə daha dərindir. Ona görə də mütləq şəkildə əxlaq və mədəniyyət sahəsində konkret qanunvericilik mexanizmləri olmalıdır. Bu qanunlar pozulduqda həmin şəxslər real məsuliyyət daşımalıdırlar. Cəzasızlıq yeni Suadaların, yeni xoşagəlməz halların ortaya çıxmasına rəvac verəcək”.

Xalidə Gəray
Musavat.com


Chosen
13
1
nuh.az

2Sources