EN

“Gömrük–biznes” inkişaf modeli gömrük ilə sahibkarlar arasında münasibətlərin daha da dərinləşməsi məqsədi daşıyır - ŞƏRH

Bakı, 8 dekabr, AZƏRTAC

“Gömrük–biznes” inkişaf modeli gömrük orqanları ilə sahibkarlar arasında münasibətlərin daha da dərinləşməsi və qarşılıqlı etimadın gücləndirilməsi məqsədi daşıyır.

Bu barədə AZƏRTAC-a açıqlaması zamanı deputat Vüqar Bayramov məlumat verib.

Deputat bildirib ki, sahibkarların ən çox istifadə etdiyi xidmətlərdən biri məhz gömrük xidmətləridir.

“Gömrük xidmətlərinin elektronlaşdırılması isə bu istiqamətdə tərəfdaşlıq və qarşılıqlı etimadın gücləndirilməsi üçün geniş imkanlar yaradır. Etiraf etmək lazımdır ki, son illər biz gömrük sistemində islahatların dərinləşməsi, şəffaflığın artırılması və prosedurların sayının azaldılmasını müşahidə edirik. Təbii ki, bu, sahibkarlar üçün yeni imkan kimi qiymətləndirilə bilər. Etibarlı Tərəfdaş Konsepsiyasında nəzərdə tutulan tədbirlər planında gömrük xidməti ilə sahibkarlar arasında münasibətlərin yeni mərhələyə keçidi üçün mexanizmin yaradılması, nəticə etibarilə, sahibkarların gömrük xidmətlərindən daha rahat istifadə etməsinə şərait yaradacaq. Bu, həmçinin yaşıl xətt və yaşıl dəhliz imkanlarının genişləndirilməsini də özündə ehtiva edir. Xüsusilə etibarlı tərəfdaş statusuna malik və qarşılıqlı inam formalaşmış biznes subyektləri üçün prosedurların daha da sadələşdirilməsi və sayının azaldılması gözlənilir”, - deyə Vüqar Bayramov vurğulayıb.

Deputatın sözlərinə görə, ümumilikdə, bu yanaşma sahibkarlarla Dövlət Gömrük Komitəsi arasında münasibətlərin yeni mərhələyə yüksəlməsinə, prosedurların sadələşməsinə və şəffaflığın daha da artmasına şərait yaradacaq.

Chosen
2
azertag.az

1Sources