EN

Fon der Lyayen, Rütte və Zelenski bu gün Ukraynaya maliyyə dəstəyini müzakirə edəcəklər » AzadMedia.az


Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen, NATO-nun baş katibi Mark Rütte və Ukrayna Prezidenti Volodimir Zelenski arasında bu gün axşam saatlarına görüş planlaşdırılıb.

Bu barədə Brüsseldə keçirilən brifinqdə AK-nın mətbuat xidmətinin rəhbəri Paula Pinyo bildirib.

Onun sözlərinə görə, danışıqların əsas mövzuları sırasında Ukraynanın maliyyələşdirilməsi məsələsinin də olacağı gözlənilir.

P.Pinyo həmçinin Fon der Lyayenin cümə günü Almaniya kansleri Fridrix Merts və Belçikanın Baş naziri Bart de Veverlə keçirdiyi görüşü şərh edərkən tərəflərin faydalı fikir mübadiləsi apardıqlarını, lakin müzakirələrin davam etdiyini vurğulayıb.

Daha əvvəl F.Merts sözügedən danışıqların məhsuldar keçdiyini qeyd edib. Onun sözlərinə görə, Almaniya Belçikanın risklərini örtmək üçün təklif olunan maliyyə zəmanətlərinin ən böyük hissəsini - ümumi məbləğin 25 %-ni öz üzərinə götürməyə hazırdır. Lakin Belçika tərəfi hələ də hesab edir ki, Avropa Komissiyası onun narahatlıqlarını tam nəzərə almayıb və bu səbəbdən, Belçika mümkün risklər qarşısında "zəif" qalır.

Belçikada yerləşən depozitar "Euroclear" şirkəti də yaranmış vəziyyətlə bağlı narazılığını ifadə edib. Şirkətin bununla əlaqədar yaydığı bəyanatda Avropa Komissiyasının təklif etdiyi reparasiya kreditləri üzrə mexanizmin "zəif, riskli və daha çox eksperimental" olduğu ifadə edilib.

Bu çərçivədə Fransanın Rusiyaya məxsus 18 milyard avro dəyərində dondurulmuş aktivlərin yerini açıqlamaqdan imtina etməsi əlavə gərginlik yaradıb. Yalnız o məlumdur ki, həmin aktivlər Fransanın özəl banklarında saxlanılır və həcminə görə Rusiya Mərkəzi Bankının Aİ-dəki ikinci ən böyük aktivləridir. Fransa həmçinin bu aktivlər üzrə hesablanmış faizlərin necə istifadə olunduğunu da açıqlamır.

Brüsseldə Aİ Şurasının iclasının dekabrın 18-19-da keçiriləcəyi nəzərə alınsa, danışıqların intensivliyinə baxmayaraq, qərar qəbul etmək üçün çox az vaxt qalıb.
Chosen
8
1
azadmedia.az

2Sources