EN

“Real”ın futbolçusu 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq – ARENA.AZ

İspaniyanın “Real” (Madrid) klubunun mərkəz müdafiəçisi, braziliyalı futbolçu Eder Militao 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az yerli mətbuata istinadən xəbər verir ki, buna 27 yaşlı müdafiəçinin La Liqanın 15-ci turunda “Selta” ilə matçda zədələnməsi səbəb olub.

Braziliyalı oyunçunun sol ayağındakı zədəsinin ciddi olduğu aşkarlanıb. Onun bu zədə səbəbindən mövsümün böyük hissəsini buraxması ehtimal olunur.

Xatırladaq ki, “Selta” “Real”ı səfərdə 2 cavabsız qolla üstələyib. Militao zədələndiyi üçün bu matçın 24-cü dəqiqəsində əvəzlənib.

Eder Militao “San Paulo”nun yetirməsidir. Braziliyalı futbolçu “Real”a 2019-cu ilin iyulunda 50 milyon avro məbləğ müqabilində “Portu”dan keçib. Militaonun İspaniya nəhəngi ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Vurğulayaq ki, “Real” Militao ilə müqaviləsinin müddətini 2024-cü ilin yanvarında, futbolçu zədəli ikən uzadıb.

Cari mövsümdə Militao “Real” üçün 16 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Militaonun “Real”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 189 oyun, 13 qol, 7 məhsuldar ötürmə.

Vurğulayaq ki, Militao “qaymaqlılar”ın müdafiəsində aparıcı fiqurdur.

Eder Militao “Kral klubu” ilə 3 dəfə İspaniya La Liqasının, İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Eder Militao 2018-ci ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 38 oyun keçirib, 2 qol vurub. Müdafiəçi Brazilya millisi ilə Amerika Kubokunu (2019) qazanıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Chosen
70
8
arena.az

10Sources