EN

“Karvan Yevlax” Azər Həşimovu çağırdı və məşqə buraxmadı!

ain.az, Footbal-plus saytına istinadən bildirir.

“Karvan-Yevlax”da elə qarışıq durum yaranıb ki, heç fələk də baş çıxarmaz. İndi də başqa birinin – idman direktoru Turan Manafovun adı hallanır. Onunla əlaqə saxlamağa çalışdıq, mümkün olmadı. Bu üzdən klubun vitse-prezidenti Kənan Kərimovla danışmaq istədik. Təəssüf ki, Kənan bəyin də deməyə sözü yoxdu. Belədə hadisələrin mərkəzində dayanan şəxs – sənəd üzərində baş məşqçi kimi göstərilən, amma səlahiyyətləri əlindən alınan Azər Həşimov ilə söhbət etdik.   - “Kəpəz”lə oyuna qədər Turan Manafovun adı çəkilmirdi. Bu şəxs əvvəldən klubda idi? Nə işə baxır? - Klubda idman direktorudu. Mən komandaya gələndən onu görmüşəm. Bilmirəm nə vaxtdan işləyir. - Ümumiyyətlə, bu klubda əsas söz sahibi kimdi? Turan Manafov, Kənan Kərimov, yoxsa başqası?  - Bunu da dəqiq deyə bilmərəm. Bilmirəm.  - “Qarabağ”la kubok oyununda stadiondaydız? - Bəli. Ona görə gəlmişdim ki, mənə Mingəçevirdə olarkən poçt vasitəsi ilə bildiriş gəldi. Bəs niyə məşqlərə gəlmirsən? Məktubu qəbul edəndən dərhal sonra, dekabrın 2-si, səhər saat 10-da “Karvan-Yevlax”ın bazasında olmuşam ki, işimin başındayam. Onlar mənə noyabrın 22-də “gəlmə” demişdilər deyə, mən də getmirdim. “Qarabağ”la oyunda da gəldim stadiona, göstərdim ki, işimin başındayam. Amma mənə bildiriş gəlməsəydi, nə bazaya gedərdim, nə də stadionda olardım.  - Klubun bazasında olduğunuzu deyirsiz. Yəqin ki, məşqlərdə də iştirak edirsiz. Füzuli Məmmədovla işləri necə bölürsüz? O sizin köməkçiniz kimi işləyir, yoxsa necə? - Xeyr, məşqlərdə iştirak etmirəm. Sadəcə, bazaya getdim, göstərdim ki, mən burdayam.  - Açıqlamalarınızın birində 8 aylıq maaşınızın qaldığını demisiz. Noyabrdan maya qədər 7 ay edir. Belə çıxır ki, oktyabrın da maaşını almamısız? - Bəli. İyulun 4-dən komandaya məşq keçirəm. Öhdəmə düşən işi görmüşəm. Artıq heç nə istəmirəm. Mayın 30-na qədər almalı olduğum məbləği istəyirəm. Müqaviləm var. Qayda-qanun bunu göstərir. Çox güman, alacam. Oktyabrın da maaşını almamışam. - Məhkəməyə müraciət edəcəksiz? Klub bu barədə nə deyir? - Məhkəməyə müraciət deyəndə ki, vəkilim Elcan Həsənli bu işlə məşğul olur. Bunu deyə bilmərəm ki, məhkəmə yolu ilə, yoxsa başqa yolla... Amma mən maya qədər almalı olduğum maaşı tələb edirəm. Məsələ ilə bağlı mütəxəssisin vəkili Elcan Həsənlinin də fikrini öyrəndik:

“Bəli, klubla danışıq aparılır. Klub məşqçinin məşq keçməsinə şərait yaratmır. Bu barədə “Karvan-Yevlax”a bir neçə dəfə müraciət etmişik. Lakin heç bir cavab verilmir. Bütün hüquqi üsullardan istifadə edirik. Qısa zaman ərzində açıqlama verəcəyik”.

Bəs PFL bu problemə necə yanaşır? Klubda baş məşqçi Azər Həşimovdu, amma yevlaxlıları oyunlara Füzuli Məmmədov çıxarır. PFL-in idman direktoru Elgiz Abbasovun “Futbol+”ə açıqlaması:

“Bu məsələ diqqət mərkəzimizdədi. Bu günə qədər atılan bütün addımlar qaydalar çərçivəsində olub. Düzdü, rəsmi açıqlama yoxdu. Amma klub müqavilə əsasında məşqçilər korpusuna yeni məşqçilər cəlb edib. Əlbəttə, texniki zonada baş məşqçi göstəriş verməlidi, oyunsonrası mətbuat konfransında baş məşqçi iştirak etməlidi. Son iki oyunda bunun şahidi olmuruq. Bu məqam da bizi narahat edir. Klubla həm şifahi, həm də yazılı söhbətlərimiz davam edir. Yenilik olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
62
1
icma.az

2Sources