EN

Fon der Leyen: Ukraynanın təhlükəsizliyi Aİ üçün birinci müdafiə xətti kimi təmin edilməlidir...

Aİ rəhbərliyi Kiyevə uzunmüddətli təhlükəsizlik təminatlarının vacibliyini vurğulayır…

Poliqon xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynanın təhlükəsizliyinin təmin edilməsinin Avropa İttifaqının uzunmüddətli müdafiəsi üçün həlledici əhəmiyyət daşıdığını bildirib. Ursula fon der Leyen bu barədə sosial şəbəkə X-də paylaşım edib.

Fon der Leyen qeyd edib ki, sülh danışıqları davam etsə də, Aİ Ukraynaya dəstəkdə “sarsılmaz” mövqedə qalır. Onun sözlərinə görə, Aİ-nin maliyyə təklifləri artıq müzakirəyə çıxarılıb və məqsəd “döyüş meydanında və danışıqlar masasında güclü Ukrayna” yaratmaqdır.

Aİ rəhbəri bildirib ki, o, NATO baş katibi Mark Rütte və Avropa Şurasının Prezidenti Antoniu Koşta ilə birlikdə Ukrayna prezidenti Vladimir Zelenskiyə Brüsselin prinsipial mövqeyinin dəyişməz olduğunu bir daha təsdiqləyib. “Ukraynanın suverenliyi təmin edilməli və qorunmalıdır. Ukraynanın təhlükəsizliyi uzunmüddətli perspektivdə bizim Birliyimizin birinci müdafiə xətti kimi təmin olunmalıdır”, deyə Avropa Komissiyasının sədri vurğulayıb.

Fon der Leyen əlavə edib ki, bu prioritetlər onun NATO baş katibi Mark Rütte ilə müzakirələrinin əsas mövzusu olub. Rütte də öz növbəsində Zelenski və Aİ liderləri ilə “ədalətli və davamlı sülhə doğru irəliləyişi dəstəkləmək üçün yaxşı müzakirələr” apardıqlarını bildirib.

Xatırladaq ki, Zelenski Brüsseldə Avropa liderləri ilə təhlükəsizlik təminatları, Ukraynanın müdafiəsinin gücləndirilməsi və sülh prosesinin irəliləyişi üzrə danışıqlar aparıb. O, həmçinin ABŞ-la aparılan sülh planı müzakirələri barədə tərəfdaşları məlumatlandırıb.

Poliqon.info

Chosen
19
poliqon.info

1Sources