EN

Avtomobil sürməyi öyrənmək istəyənlərin nəzərinə...

Şəhərdə hər keçən gün sürücülük təlimi keçən şəxslərin sayı artmaqdadır. Peşəkar təlimçilərlə yanaşı, qeyri-qanuni fəaliyyət göstərənlər də az deyil. Bəzi təlimçilər isə avtomobil sürməyi öyrənmək istəyən şəxslərdən sürücülük vəsiqəsini tələb edirlər.

 

Bəs maşın sürməyi öyrənmək istəyən şəxslər ilk olaraq nələrə diqqət edərək təlimçi seçməlidirlər?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat mütəxəssisi Azər Quliyevin sözlərinə görə, həm qanuna, həm də praktikaya əsaslanaraq demək olar ki, təlimə başlamazdan öncə  nəzəri hissələri bilmək lazımdır: “Ən az 7 növ nişanı tanımaq lazımdır. Çünki avtomobil sürüşü nəzəri, yəni, öyrənilən qaydaların tətbiq edilməsidir. Heç bir qayda bilmirsənsə, yolda nəyisə tətbiq edə bilməzsən. Sükanı tutub yola çıxmaq avtomobil sürmək deyil. Yolu tanımaq lazımdır. Belə maddələr nəzəri hissənin dərsidir. Yol nişanları, nişanlarla hərəkət etmək və s. təlimdə öyrədilmir. Təlimdə, sadəcə, davranışı öyrədirlər. Tələbə yoldakı nişanları özü tətbiq etməlidir. Təlimçi də onun hərəkətlərinə nəzarət edib düzəliş verməlidir”.

 

A.Quliyev bildirib ki, avtomobil sürməyi öyrənmək üçün sürücülük vəsiqəsinin olması vacib deyil: “Təlim keçmək üçün şəxsin sürücülük vəsiqəsinin olması şərt deyil. Qanunla şəxsin yaşı, həmin kateqoriyaya məxsus avtomobili sürmək üçün aşağı yaş həddində olmamalıdır. 18 yaşdan aşağı şəxslərin sükan arxasına əyləşməsi qanunaziddir. Sürücülük vəsiqəsi olmadan təlim keçmək olar, çünki təlimçi sürücüyə bərabərdir. Onun ayağının altında pedallar, arxanı göstərən güzgülər, digər vasitələr quraşdırılır ki, sükana idarəetməni, nəzarəti o həyata keçirə bilsin. İlkin olaraq bağlı meydançada tələbənin avtomobillə davranışı və s. baxıldıqdan sonra yola çıxılmalıdır ki, tələbə özünü itirib təlimçini də çaşdırmasın. Daha sonra təlimçinin iştirakı ilə yola çıxa bilər. Təlimçinin avtomobildən düşməsi qadağandır. Çünki sürücü avtomobili tərk etsə, hüququ olmayan şəxsin avtomobili sürməsi kimi dəyərləndirilir. Polis onu saxlayıb cərimələyə bilər. Sürücülük vəsiqəsini o halda  tələb edirlər ki, onlar ya öz avtomobillərində öyrədirlər və ya maşının pedalı olmur, təlim keçmək üçün yaşı, təcrübəsi, sənədi yoxdur. Belə edirlər ki, polis onları saxladıqda və ya təlim kimi fəaliyyət göstərdiyini soruşduqda “Mən həvəskar öyrədirəm, öyrənmək istəyən şəxsin vəsiqəsi var” deyə bilsinlər. Vəsiqəsi olmadığı təqdirdə təlimçi sürücü rolunda olmalı və onun təlim avtomobilində həmin təchizatlar quraşdırılmalıdır”.

 

Şəhanə Quliyeva

Tarix: 9 Dekabr 2025, 10:15   
Chosen
46
pravda.az

1Sources